Suriya və İraqda məğlubiyyət qarşısında olan İslam Dövləti qrupu informasiya müharibəsində də uğursuzluqla üzləşir. Təhlilçilər son zamanlar İŞİD təbliğatının çox zəiflədiyini deyirlər. Artıq hərbi əməliyyatlarda qələbələr əldə edildiyni iddia edə bilməyən İŞİD təbliğatçıları indi diqqəti xarici ölkələrdəki hücumlara yönəltməyə başlayıb.
Bu yaxınlarda nümayiş etdirilən video İslam Dövləti qrupunun media qanadı tərəfindən hazırlanıb. İNT`L Radikallaşma Aradırmalar Mərkəzindən Çarli Vinter: “Bura Rəqqaya oxşayır. Onlar İŞİD ordusunu hələ də peşəkar, güclü və yaxşı təmin edilən ordu kimi göstərməyə çalışır. Mən boşalmış şəhərdə yük maşınındakı 3 nəfəri nəzərdə tuturam. Bu, onların daha öncə etdikıərindən çox fərqlidir.”
Çarli Vinter İŞİD təbliğatını qrup yaradılandan bəri araşdırır. “İŞİD əvvəllərlə müqayisədə çox zəifləyib. Elə bil ki, kimsə təbliğatçıların səsinı getdikcə azaldıb. Lakin oktyabr ayında o səs birdən-birə kəsildi. Fikrimcə, onların Rəqqa və Mayadin şəhərlərindəki bir neçə media mərkəzi məhv edildi.”
Cəmi bir il əvvəl İŞİD-in nəzarətində olan ərazilərin çox hissəsi geri alınıb. Bu isə o deməkdir ki, qrup media resurslarına malik deyil.
İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələri də qrupun təbliğatının mühüm olduğunu bildiyi üçün onun yerlərdə və online əməliyyatlarını hədəf alır. Çarli Vinter deyir ki, xilafətin elan edilməsindən sonra indi həyatda qalmağa çalışan militantlar davamçılarının qələbə ilə bağlı gözləntilərini doğrultmağa çağırır. “Onların əlində ərazilər olmasa belə, onların hələ də ideologiyası var, hələ də tərəfdarları var, onlara inananlar, onların adı ilə özlərini öldürməyə hazır olanlar var”.
Bundan əvvəlki illər İslam Dövləti qrupu təbliğatı xarcdə yaşayan dindarları özünün yaratdığı xülyaya qoşulmağa çağırırdı. “Onlar daha insanları İraqa və Suriyaya çağırmır. Bunun əvəzində, onlar tərəfdarlarından dogma ölkələrinə gedib terror əməliyyatları həyata keçirmələrini istəyir” deyə, Çarli Vinter bildirir.
İŞİD məhz bu sahədə öz təbliğatının uğurlu olduğunu iddia etməyə çalışır. Bu hücumlarla birbaşa əlaqəsi ilə bağlı dəlillər az olsa da, qrup oktyabr ayında Londonda, Avropanın başqa şəhələrində və Nyu-Yorkda avtomobillərlə edilən terror hücumları da daxil olmaqla, dünyanın hər yerində belə hücumlara ruhlandıra bildiyi ilə öyünür.