İslam Dövləti qrupunun yaraqlıları olduqlarını iddia edən bir qrup Misir hökuməti müsəlman qadınları həbsxanadan azadlığa buraxmadığı təqdirdə, xorvatiyalı bir girovun başını kəsəcəkləri ilə təhdid etdikləri video yayımlayıb.
Cümə axşamı açıqlanan videonun İslam Dövlətinin Sina yarımadasındakı Misir filialı tərəfindən hazırlandığı ehtimal edilir.
Özünü 30 yaşlı Tomislav Salopek kimi təqdim edən şəxs deyib ki, Misir rəsmiləri 48 saat ərzində tələblərə əməl etmədikləri təqdirdə onun öldürüləcəyini deyib.
Lakin qrupun dəqiq kimlərin azad edilməsini istədikləri aydın deyil.
Xorvatiyanın Xarici İşlər Nazirliyi ötən ay bir vətəndaşın Qahirədə oğurlandığını təsdiqləyib.
Xorvatiya hökuməti girovun azad edilməsi üçün hər bir yola əl atıldığını bildirib. Hökumətin bəyanatında deyilir ki, bu çətin vəziyyətdən çıxış üçün yollar axtarılır.