Accessibility links

İslam araşdırmaçısı dini lideri zindanlarda qayda yaratmağa çağırıb


İslam araşdırmaçısı Əzəm Taliqani
İslam araşdırmaçısı Əzəm Taliqani

“Fitnə başçıları zindanlarda saxlanan Əlirza Rəcayi, Mehdi Kərrubi, Mirhüseyn Musəvi, Zəhra Rəhnəvərd və bu kimi mömin müsəlmanlar yox, sistemi içindən çürüdən məmurlardır”, o qeyd edib

İslam araşdırmaçısı Əzəm Taliqani İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyiyə açıq məktub yazıb.

“Media forum” saytının məlumatına görə, məktubda deyilir ki, zindan müstəntiqləri 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda tutulan jurnalist Əlirza Rəcayinin ailə üzvlərini tez-tez təhdid edir.

“Necə olur ki, islam respublikasını ürək yanğısı ilə tənqid edənlər fitnəçi adlandırılır, bütün vəzifələr iman və əxlaq baxımından heç bir səlahiyyəti olmayanlara, islamın heysiyyəti ilə oynayıb ona ləkə gətirənlərə tapşırılır?

İslamın heysiyyətini qoruyub saxlamaq üçün sistemi və cəmiyyəti zorakı şəxslərdən təmizləməyə çalışanlar, onların rəzalətini, kobud rəftarını ifşa edənlər fitnəçidirlərmi? Necə olur, İran Məhkəmə Sistemi öz işçilərinə o qədər ixtiyar verir ki, onlar utanıb çəkinmədən Allahın bu saleh bəndəsinin (Əlirza Rəcayi) ailə üzvlərinə qarşı çirkin ifadələr işlədir, onlara əzab-əziyyət verir, onları təhdid edir? Görəsən, bu məmurlar bütün bu hərəkətləri öz təşəbbüsləri ilə edir, yoxsa başqa bir yerdən göstəriş alırlar?

Axı nəyə görə zindanlarda işləyən məmurların rəftar və hərəkətinə nəzarət olmamalıdır? Həqiqət isə odur ki, fitnə başçıları zindanlarda saxlanan Əlirza Rəcayi, Mehdi Kərrubi, Mirhüseyn Musəvi, Zəhra Rəhnəvərd və bu kimi mömin müsəlmanlar yox, sistemi içindən çürüdən məmurlardır. Mən sizdən zindanlarda siyasi məhbuslara qarşı törədilən faciələrin qarşısının alınmasına göstəriş verməyinizi xahiş edirəm”.

Əzəm Taliqani İran islam inqilabının rəhbərlərindən olan mərhum ayətullah Mahmud Taliqaninin qızıdır.

Ayətullah Mahmud Taliqani İranda islam inqilabının qələbəsindən bir neçə ay sonra müəmmalı şəkildə dünyasını dəyişib. O, İranda hicabın qadınlara zorla qəbul etdirilməsinə, ölkədə prezident ola-ola dini lider postunun yaradılmasına qarşı çıxırdı.
XS
SM
MD
LG