Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, Cavanşir Məmmədov bildirib ki, İsmayillıda baş vermiş hadisə ilə bağlı bir neçə şəxsin artıq cinayət məsuliyyətinə cəlb olunduğunu və barələrində həbs-qətimkan tədbiri seçilib.
Onun sözlərinə görə, hadisə zamanı bir neçə polis əməkdaşı xəsarət alıb. Hadisə ilə bağlı DİN və prokurorluğun nümayəndələri rayona ezam olunub və araşdırmalar davam etdirilir.
C.Məmmədov İsmayıllı rayonunda sakinlər arasında söhbətlər aparıldığını deyib.
“Biz onları başa saldıq, onların müəyyən hissəsini hadisə yerindən uzaqlaşdırdıq. Rayon ağsaqqalları vasitəsi ilə hadisələrin qarşısını almağa çalışdıq", deyə Məmmədov bildirib.
Onun sözlərinə görə, həmin gün axşam və dünən rayonun ayrı-ayrı yerlərində, bir neçə istiqamətdə bir qrup insanlar, gənclər dövlət obyektlərinə hücum eləməyə çağırışlar etmək istəyiblər.
Həmçinin kanalizasiya quyularının qapaqlarını şahmat formasında düzərək, polis maşınlarının keçməsinin qarşısını almağa çalışıb və 5-6 yerdə yanğın törədiblər, deyə C.Məmmədov qeyd edib.
Bundan əlavə, İsmayıllı rayon icra hakimi Nizami Ələkbərov danışıb.
“Bu, adi insidentdir. Adi yol nəqliyyat hadisəsidir. Belə hadisələr tez-tez baş verir”, deyə icra başçısı dünən mediaya dediklərini demək olar ki təkrarlayıb.
Bundan başqa, icra başçısı bu yol nəqliyyat hadisəsinin böyüdülməsinə təssüflənib.
“Çıraq moteli talan edilib”, deyə o bildirib.
YAP rəhbərliyindən Əli Əhmədov və Mübariz Qurbanlı da görüşə qatılıb.
Bununla yanaşı müstəqil mənbələr hadisələr zamanı yüzdən çox insanın saxlandığını bildirir. Rəsmi qurumlar hadisələrlə bağlı fakt üzrə cinayət işi qaldırlıdığı barədə məlumat yayıb, ancaq saxlananların sayı barədə məlumat verilmir.