Accessibility links

ABŞ səfirliyi: Məhkəmənin qərarı siyasi xarakter daşıyır


Amerika səfirliyi
Amerika səfirliyi

Amerika səfirliyi İsmayıllı işi üzrə məhkəmə prosesi ilə bağlı bəyanat verib

ABŞ-ın Azərbaycandakı səfirliyi İsmayıllı iğtişaşı üzrə məhkəmə prosesi ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir:

“ABŞ-ın Azərbaycandakı səfirliyi REAL Hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun 23-24 yanvar 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etməkdə şübhəli ittihamlarla uzun müddət azadlıqdan məhrum edilməsi ilə barədə 17 mart tarixli məhkəmə qərarından dərin məyusluq hissi keçirir.
Biz məhkəmə prosesindən əvvəl və məhkəmə prosesi ərzində Azərbaycan hökumətinin müxtəlif nümayəndələrinə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsinə ümid etdiyimizi bildirmişdik. Azərbaycan hökumətinin ABŞ və digər beynəlxalq müşahidəçilərə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı digər müşahidəçilər və biz şahid ifadələrində və məhkəmə prosesində ciddi pozuntular müşahidə etmişik. Müşahidələrimiz belə bir qənaətə gəlməyə əsas verir ki, məhkəmənin qərarı sübutlara əsaslanmayıb və siyasi xarakter daşıyır”, bəyanatda qeyd edilir.

2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlar baş verib. Buna İcra Hakimiyyəti başçısının yaxınlarının və qohumlarının yerli əhali ilə kobud davnanması səbəb olub. Qəzəblənən yerli sakinlər “Çıraq” otelini yandırıblar, sonra şəhərdə rayon rəhbərliyinin istefasını tələb edən sakinlərlə polis arasında qarşıdurma yaranıb.

Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə ittiham olunan 18 nəfər barəsində hökm elan edib.

Məhkəmənin hökmü ilə REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 5 il, digər müttəhimlər Səftər Ağamalıyev, Vasif İbrahimov və Anar Həsənov 8 il, Qəmbər Ağamalıyev 4 il 6 ay, Şükran Möhbalıyev 2 il 6 ay, Elşən Qurbanov 5 il 6 ay, Elşən İsmayıllı 5 il 6 ay, Cəfər Cəfərov isə 4 il həbsə məhkum edilib. 8 nəfər şərti azadlığa buraxılıb.
XS
SM
MD
LG