Accessibility links

İspaniya polisi Barselona hücumunda şübhəlinin axtarışını davam etdirir


İspaniya polisi keçən həftə Barselona şəhərində avto-furqonu insanların üstünə sürən hücumçunun axtarışını ölkənin şimal-şərqindəki Ripoll və Manlyö şəhərlərində davam etdirib.

Polis 13 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnmiş hücumu törətməkdə şübhəli bilinən 23 yaşlı mərakeşli Yunes Abuyqaubu ələ keçirmək üçün yollarda sədlər qurub.

Bazar günü keçirilən mətbuat konfransı zamanı İspaniya polisi hücumda şübhəli bilinənlərin yaşadığı evdə 120 qaz balonunun aşkar edildiyini bildirib. Regional polis idarəsinin rəisi Luis Trapero partlayıcılıarın tapılması haqda məlumatı müxbirlərə açıqlayaraq deyib ki, Barselonada bir neçə hücum keçirmək üçün kifayət qədər material aşkar edilib.

Abuyaqubdan başqa daha iki şübhəli də axtarılır. Onlardan birinin Abdlbaki Es Satti adlı imam olduğuna inanılır. Rəsmilərin fikrincə, hücumu törədənlərin birinin radikallaşmasında məhz Es Sattinin rolu olub.

İspaniya polisi hücumlarla əlaqədar dörd nəfəri saxlayıb.

Müstəntiqlər axtarılan şübhəlilərdən birinin Alkanarda evin partladılması zamanı öldürülüb-öldürülmədiyini araşdırır. Partlayışdan sonra dağıntılar altında insan cəsədləri aşkar edilib. Polis hücumda istifadə edilmək üçün nəzərdə tutulan butan qazı ilə dolu balonların ehtiyatsızlıq nəticəsində partladığını ehtimal edir. Partlayış zamanı ölənlərin sayının müəyyən edilməsi məqsədilə DNK testləri keçirilir.

Assoşieyted Press agentliyinin verdiyi məlumata əsasən, evin yaxınlığında yaşayan qonşular Kambris və Barselonada törədilmiş hücumlarda istifadə edilən avtomobilləri partlayışdan öncə Alkanardakı evin qarşısında gördüklərini deyiblər.

Polis hadisə qurbanlarının biri Avstraliya və Britaniya vətəndşalığı olan yeddi yaşlı oğlan olduğunu bildirib. Həyatını itirənlər arasında İtaliya və Belçika vətəndaşları var. Onların adları açıqlanmayıb.

Bazar günü İspaniya kralı 6-cı Filip və kraliça Letiziya, baş nazir Mariano Rahoy Barselonada Saqrada Familia (Müqəddəs Ailə) kilsəsində hadisə qurbanlarının xatirəsini anıblar.

XS
SM
MD
LG