Accessibility links

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində növbəti reyd keçirib


Fələstinin səhiyyə rəsmiləri İsrail qüvvələrinin bazar ertəsi işğal altındakı İordan çayının qərb sahilinə hücumu zamanı azı 8 nəfəri öldürdüyünü bildirib. Hücum zamanı 50 adam xəsarət alıb.

İsrail ordusu Cenin qaçqın düşərgəsində reyd keçirdiyini, militantların "vahid komanda mərkəzi" adlandırdığı yerə zərbələr endirdiyini bildirib.

Əməliyyatda İsrailin pilotsuz təyyarələrindən də istifadə edilib.

İsrail ordusunun sözçüsü podpolkovnik Riçard Hext bildirib ki, İsrail qüvvələri silah və sursatları ələ keçirib.

"Biz yerləri ələ keçirməyi planlaşdırmırıq. Biz konkret hədəflərə qarşı hərəkət edirik" - deyə, o bildirib.

İsrail bölgədə müntəzəm reydlər həyata keçirir ki, onlardan biri də keçən ay yeddi fələstinlinin ölümü ilə nəticələnib.

Fələstin prezidentinin sözçüsü Nabil Əbu Rudeynə "Fələstin xalqımız diz çökməyəcək, təslim olmayacaq, ağ bayraq qaldırmayacaq və bu vəhşi təcavüzə qarşı öz torpaqlarında möhkəm qalacaq" deyib.

İsrailin xarici işlər naziri Eli Kohen düşmən İranı Fələstin silahlı qruplaşmalarını maliyyələşdirməklə zorakılıqların arxasında durmaqda ittiham edib.

"İrandan aldıqları vəsait hesabına Cenin düşərgəsi terror fəaliyyətinin mərkəzinə çevrilib", o, xarici jurnalistlərə deyib.

Nazir bildirib ki, mülki əhali arasında itkilərin qarşısını almaq üçün əməliyyat "məqsədli şəkildə" aparılacaq.

Keçən həftə BMT Təhlükəsizlik Şurası tərəfləri təmkinli olmağa çağırıb və israilliləri və fələstinliləri "gərginliyi daha da alovlandıran birtərəfli hərəkətlərdən çəkinməyə" çağırıb.

XS
SM
MD
LG