Accessibility links

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına zərbələr endirib


İsrail ordusunun bildirdiyinə görə, gecə boyu və cümə axşamı səhər saatlarında Qəzza zolağına havadan zərbələr endirilib və "İslami Cihad"ın raket dəstəsinin başçısını öldürülüb.

Hava hücumları günlərdir davam edən zorakılıqlar İsrailin İordan çayının qərb sahilinə reydləri və fələstinli militantların sərhədyanı bölgələrdən raket hücumları fonunda həyata keçirilib.

Hər iki tərəfin rəsmiləri Misirin atəşkəsə vasitəçilik etməyə çalışdığını bildirib.

Çərşənbə axşamından bəri zorakılıqlar nəticəsində 3-ü "İslami Cihad"ın yüksək rütbəli komandiri, 10-u mülki şəxs olmaqla azı 23 fələstinli ölüb.

İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü axşam televiziya ilə çıxışında heç bir israillinin xəsarət almadığını deyib.

Netanyahu qüvvələrinin militantlara sərt zərbələr endirdiyini, lakin İsrailin əməliyyatlarının bitmədiyini deyib.

"Terrorçulara və onları buraya göndərənlərə deyirik ki, sizi hər yerdə görürük. Gizlənə bilməzsiniz və biz sizi vurmaq üçün yeri və vaxtı seçirik" - deyə Netanyahu bildirib.

Vaşinqtonda Ağ Evin bildirdiyinə görə, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan münaqişəni çərşənbə günü israilli həmkarı Tzaçi Haneqbi ilə müzakirə edib və "gərginliyin azaldılması və daha çox insan itkisinin qarşısının alınmasının zəruriliyini" vurğulayıb.

Bəyanatda deyilib ki, Sallivan ABŞ-ın İsrailin təhlükəsizliyini və özünü raket hücumlarından müdafiə etmək hüququnu dəstəklədiyini bir daha təsdiqləyib.

XS
SM
MD
LG