Accessibility links

İsrail onlarla militantın, Qəzzanın səhiyyə rəsmiləri isə hava hücumu zamanı 16 nəfərin öldüyünü bildirib


İsrail cümə axşamı Qəzza zolağının şimal və cənubunda militantları hədəf alan hücumlar həyata keçirdiyini bildirib. Qəzzanın HƏMAS tərəfindən idarə olunan Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin Rəfahdakı hava hücumu nəticəsində 16 nəfər ölüb.

Səhiyyə Nazirliyi bildirib ki, hücum zamanı Qəzzanın Misirlə sərhədində yerləşən Rəfah şəhərindəki bir ev dağılıb. Səhiyyə işçiləri ölən 16 nəfərin yarısının uşaq olduğunu bildirib.

İsrail ordusunun dediyinə görə, onun qüvvələri Qəzzanın cənubundakı Xan Yunis bölgəsində 40-a yaxın, zolağın şimal hissəsində quru və havadan keçirdiyi əməliyyatlar zamanı isə daha bir neçə militantı məhv edib.

İsrail həmçinin Livanın cənubunda HƏMAS-ın müttəfiqi olan Hizbullah silahlı qruplaşmasının obyektlərinə hava zərbələri endirdiyini bildirib. Qəzzada müharibə başlayandan bəri Livan-İsrail sərhədyanı bölgələri tez-tez hücumlara məruz qalır.

Qətər çərşənbə günü axşam saatlarında bildirib ki, HƏMAS tərəfindən saxlanılan girovlar üçün dərmanlar Qəzzaya daxil olub, lakin paylanılıb-paylanmadığı bəlli deyil.

Dərman və digər humanitar yardım Qətər və Fransanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın bir hissəsi olaraq, xroniki xəstəlikləri olan 45 girov, eləcə də Qəzza zolağında fələstinli mülki şəxslər üçün idi.

BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin rəhbəri Filip Lazzarini çərşənbə günü etdiyi açıqlamasında Qəzza xalqının sığınacaqlarda həddindən artıq sıx vəziyyətdə yaşadıqlarını, kifayət qədər dərman çatışmazlığı, təkrar tele-kommunikasiyanın kəsilməsi və mövcud məhdud ticarət mallarının qiymətlərinin qalxması ilə üzləşdiyini bildirib.

“Gördüyüm hər kəsin şəxsi qorxu, ölüm, itki, travma hekayəsi var idi. 100 gün ərzində Qəzza xalqı hər şeyini, bəzi hallarda ailəsinin bütün üzvlərini itirdikdən sonra sağ qalmaq və sevdiklərini qorumaq üçün yorucu mübarizəyə keçib” Lazzarini bildirib.

BMT Qəzza əhalisinin təxminən 85%-ni təşkil edən 1,9 milyon insanın müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Forum

XS
SM
MD
LG