Accessibility links

İsrail Qəzza zolağında hava və quru əməliyyatları davam etdirir


İsrailin hərbi qüvvələri bazar ertəsi Qəzza zolağına havadan və qurudan hücum əməliyyatlarını davam etdirib.

Qəzzanın səhiyyə rəsmiləri İsrailin Qəzzanın mərkəzindəki Əl-Məğazi qaçqın düşərgəsindəki bir evə endirdiyi hava zərbəsindən sonra beş fələstinlinin cəsədinin çıxarıldığını, yaxınlıqdakı Deyr Əl-Bələh şəhərindəki xəstəxana rəsmiləri isə hava hücumu zamanı üç nəfərin öldüyünü bildirib.

Associated Press agentliyinin xəbər verdiyinə görə, zərbə nəticəsində küçədə bir nəfər ölüb, azı 6 nəfər yaralanıb.

Bu arada, İsrailin bazar ertəsi Suriya və Livanı ayıran sərhədi yaxınlığında həyata keçirdiyi hava hücumu zamanı prezident Bəşar Əsəd və onun rejimi ilə yaxın əlaqəsi olan suriyalı iş adamı Məhəmməd Bəraa Katerci öldürülüb. Məlumatlara görə, Katerji iki ölkəni birləşdirən magistral yolda hərəkət edən avtomobildə olarkən öldürülüb.

Neft maqnatı Katerci Əsəd rejimi ilə radikal "İslam Dövləti" qruplaşması arasında ticarəti asanlaşdırdığına görə ABŞ tərəfindən sanksiyaya məruz qalıb.

Yerli səhiyyə rəsmiləri İsrailin daha əvvəl müharibə səbəbindən didərgin düşmüş çox sayda fələstinli üçün təhlükəsiz zona elan etdiyi Xan Yunis şəhərinin yaxınlığında yerləşən Əl-Məsəviyə etdiyi hava hücumu zamanı azı 90 nəfərin öldüyünü bildirib.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava hücumları və quru hücumları nəticəsində azı 38 500 nəfər ölüb, 88 800-dən çox insan yaralanıb.

Misir, Qətər və Birləşmiş Ştatlar atəşkəs razılaşmasına vasitəçilik etməyə çalışsalar da, hələ də döyüşlərin dayandırılması və Qəzzada HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini ehtiva edən yeni razılaşma əldə edə bilməyiblər.

Ağ Ev bazar ertəsi bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ-İsrail Strateji Məsləhət Qrupunun görüşü üçün israilli təhlükəsizlik həmkarları ilə danışıqlar aparıb.

HƏMAS oktyabrın 7-də İsrailə qarşı müharibəyə səbəb olan hücumda 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb. İsrail HƏMAS-ın hələ də 116 nəfəri girov saxladığını bildirir ki, bunlardan 42-nin öldürüldüyü ehtimal edilir.

HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzada keçirdiyi əks-tədbirlər nəticəsində 38,200-dən çox fələstinli həlak olub. İsrail öldürülənlərin çoxunun HƏMAS döyüşçüləri olduğunu bildirir.

Forum

XS
SM
MD
LG