Accessibility links

Benyamin Netanyahu yeni koalisiya hökumətini qurduğunu bəyan edib


İsrailin baş naziri Benyamin Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu

İsrailin təyin edilmiş baş naziri Benyamin Netanyahu çərşənbə günü axşam uğurla yeni koalisiya hökumətini qurduğunu və sağçı hökumətinin başçısı kimi hakimiyyətə qayıtması üçün zəmin yaratdığını bəyan edib.

Netanyahu bu barədə açıqlamanı prezident İshaq Hersoqa telefonla, gecə yarısına, verilən son möhlətə bir neçə dəqiqə qalmış verib. Netanyahunun "Likud" partiyası onun gülümsəyən qısa videosunu və söhbətinin səs yazısını yayımlayıb.

"Sizə bəyan etmək istədim ki, seçkilərdə aldığımız heyrətamiz ictimai dəstək sayəsində bütün İsrail vətəndaşlarının qayğısına qalacaq bir hökumət qurmağa müvəffəq oldum" deyib Netanyahu.

Bu addım Netanyahunun "Likud" partiyası və hökuməti bölüşməni yekunlaşdırmalı olan tərəfdaşları ilə həftələrdir davam edən çox çətin danışıqlardan sonra atılıb. Buna baxmayaraq, Netanyahu prosesi "mümkün qədər tez, gələn həftə" başa çatdırmaq niyyətində olduğunu bildirib. Onun andiçmə mərasiminin tarixi hələ açıqlanmayıb.

Uğur qazansa belə, Netanyahunun qarşısında çətin bir vəzifə durur. O, dramatik dəyişikliklərə təkan verəcək - İsrail ictimaiyyətinin böyük bir hissəsini özündən uzaqlaşdıran, fələstinlilərlə münaqişə riskini artıran və İsraili ən yaxın tərəfdaşları ABŞ və Amerika yəhudi icması ilə qarşıdurmaya səbəb ola biləcək ifrat sağçı və ultra-pravoslav tərəfdaşların üstünlük təşkil etdiyi koalisiyaya rəhbərlik edəcək.

Netanyahu İsrail siyasətinin ən mübahisəli fiqurlarından bəziləri ilə razılığa gəlib.

Bir vaxtlar irqçiliyə təhrik etməkdə və terror təşkilatını dəstəkləməkdə təqsirli bilinən İtamar Ben-Qvir təhlükəsizlik naziri təyin edilib. O, milli polis qüvvələrinə rəhbərlik edəcək.

Onun namizəd yoldaşı, İsrailin işğal etdiyi əraziləri ilhaq etməli olduğuna inanan İordan çayının qərb sahilindəki köçkünlərin lideri Bezalel Smotriç maliyyə naziri vəzifəsi ilə yanaşı, İordan çayının qərb sahilində yaşayış məntəqələrin tikintisi ilə bağlı geniş səlahiyyət almağa hazırlaşır.

Netanyahunun digər müttəfiqi, LGBTQ-yə qarşı olan kiçik dini fraksiyanın rəhbəri Avi Maoza ölkənin milli təhsil sisteminin bəzi hissələrinə nəzarət verilib. ABŞ-da məşhur olan yəhudiliyin liberal cərəyanlarına açıq şəkildə qarşı olan Maoz həm də "Yəhudi kimliyi"nin nazir müavini təyin edilib.

XS
SM
MD
LG