Accessibility links

Trampın Qüsdlə bağlı qərarına qarşı etirazlar vüsət alıb


Fələstinlilərin Betlehem şəhərində keçirdikləri "Qəzəb günü" başlıqlı nümayişlər zamanı İsrail polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı elan etməsi və Amerikanın Tel-Əvivdəki səfirliyini bu şəhərə köçürməsi barədəki qərarını elan etməsindən sonra İsrail Qüdsə əlavə təhlükəsizlik qüvvəsi yeridib.

Bundan əvvəl də İsrail vaxtaşırı zorakılıqlara səhnə olan "Məbəd Dağı"na yaşla bağlı məhdudiyyət qoymuşdu. İsrailin polisinin sözçüsü Mikki Rozenfeld hələ ki, məbədə qoyulan məhdudiyyətlə bağlı heç bir göstəriş alınmadığını deyib.

"Məbəd Dağı" həm yəhudilər, həm də müsəlmanların müqəddəs saydığı yerdir.

Bu gün Yaxın Şərq və müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə Trampın qərarına qarşı böyük nümayışlər keçirilib.

Müsəlman çoxluğa malik Malayziyanın paytaxtı Kuala-Lumpurda minlərlə etirazçı ABŞ səfirliyinin qarşısında “Qüdsdən əl çəkin!” və “Rədd olsun Prezident Tramp!” kimi şüarlar səsləndirib.

Ən iri müsəlman əhalisinə malik İndoneziyada yüzlərlə insan ABŞ səfirliyinin qarşısında “Tramp ağılsızdır”, “Trampa ölüm” və “ABŞ-a ölüm” şüarları səsləndirib.

Qəzza Zolağında qərargahlanan İslamçı Həmas qrupu isə İsrailə qarşı üsyana çağırıb.

XS
SM
MD
LG