İsrail rəsmilərinin yerdən döyüşlərinin genişləndirilməsi ilə bağlı şərhlərinin Birləşmiş Millətlər Təşkilatının mülki əhalinin təhlükəsizliyi ilə bağlı narahatlığını daha da artırmasından bir gün sonra, çərşənbə günü İsrail qüvvələri Qəzza zolağına havadan yeni zərbələr endirib.
Çərşənbə günü hücumlarına İsrailin ilkin olaraq HƏMAS militant qruplaşmasını məhv etmək üçün başladığı kampaniyasının diqqət mərkəzindəki Qəzza zolağının şimalında Qəzza şəhərində qurudan əməliyyatları və hava hücumları daxil idi.
Cənuba, Xan Yunis bölgəsinə irəlilədikdən sonra İsrail rəsmiləri bu həftə çoxsaylı qaçqın düşərgələrinin yerləşdiyi ərazilər də daxil olmaqla, Qəzzanın mərkəzi hissələrinə doğru hücum siqnalı verib.
Qəzza əhalisinin çoxu döyüşlər nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb. Əhali həddindən artıq çox insanın olduğu sığınacaqlara yığılıb və İsrailin gözlənilən hərbi əməliyyatlar barədə xəbərdarlığından sonra bölgələri tərk etməyə can atır. Humanitar yardımların çatdırılması da zorakılıq səbəbindən məhdudlaşdırılıb, ərzaq, su və yanacaq çatışmazlığı yaranıb.
Çərşənbə axşamı İsrail ordusunun komandanı Herzi Halevi HƏMAS-ı nəzərdə tutaraq, "Terror təşkilatını məhv etmək üçün heç bir qısa yol yoxdur" deyib.
Qəzzanın mərkəzində döyüşlərin genişlənməsi çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının İsrailin bu həftənin iki günü ərzində 100-dən çox fələstinlinin ölümünə səbəb olan hücumları ilə bağlı həyəcan təbili çalmasına səbəb olub.
"Milad bayramı ərəfəsindən bəri İsrail qüvvələrinin 100-dən çox fələstinlinin həyatına son qoyan Qəzzanın mərkəzində davam etdirdiyi bombardmanlardan ciddi şəkildə narahatıq" - deyə, BMT-nin İnsan Haqları İdarəsinin sözçüsü Seyf Maqanqo çərşənbə axşamı bildirib.
Sakinlər Qəzzanın mərkəzindəki Nüseyrət, Məğazi və Büreyc qaçqın düşərgələrinin ərazilərinə hava hücumları və atəş açıldığını bildirib.
Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Co Bayden və Qətər əmiri Şeyx Təmim Bin Həməd Əl-Tani çərşənbə axşamı telefonla Qəzzada humanitar yardıma çıxış imkanlarının artırılmasını müzakirə edib.
"İki lider Amerika vətəndaşları da daxil olmaqla, HƏMAS-ın saxladığı bütün girovların azad edilməsi üçün təcili səyləri müzakirə edib" Ağ Evin bəyanatında deyilib.
Forum