Accessibility links

İsrailin İordan çayının qərb sahilinə hücumu nəticəsində 10 nəfər ölüb


Cenin. 4 iyul, 2023.
Cenin. 4 iyul, 2023.

İsrail qüvvələri çərşənbə axşamı İordan çayının qərb sahilindəki qaçqın düşərgəsində əlavə axtarış keçiriblər. Onların bazar ertəsi başlatdıqları reyd nəticəsində ölənlərin sayı 10-a çatıb.

İsrail ordusu Cenin düşərgəsində 120 şübhəli silahlını saxladığını və silah və partlayıcılar ələ keçirdiyini bildirib.

Fələstinli səhiyyə rəsmiləri gecə daha iki nəfərin öldüyünü və bununla da ölənlərin sayının 10-a, yaralananların sayının 100-ə çatdığını bildirib.

Fələstin Qırmızı Xaç təşkilatı bildirib ki, İsrail bazar ertəsi reydə başlayandan bəri onlar düşərgədən təxminən 3000 nəfəri evakuasiya edib.

Rəsmilərin antiterror əməliyyatları adlandırdıqları İsrail ordusunun əməliyyatına dron hücumları, bulldozerlər və yüzlərlə hərbçi daxil olub.

Fələstinlilər, qonşu İordaniya, Misir və 57 ölkənin daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı zorakılıqları pisləyib.

Fələstin prezidentinin sözçüsü Nabil Abu Rudeineh deyib ki, “Fələstin xalqımız bu amansız təcavüzə qarşı diz çökməyəcək, təslim olmayacaq, ağ bayraq qaldırmayacaq və öz torpağında möhkəm qalacaq.”

Vaşinqtonda ABŞ Dövlət Departamenti bazar ertəsi münaqişəni yaxından izlədiyini deyib və bildirib ki, “mülki şəxslərin həyatını itirməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görmək vacibdir.” Dövlət Departamenti bildirib ki, döyüşlər İsraillə Fələstin təhlükəsizlik qüvvələrinin sülhün bərqərar olması üçün birgə işləməli olduqlarının zəruriliyini vurğulayır.

Cenin hücumu İsrail rəsmiləri ölkə daxilində bölgədə israillilərə qarşı hücumlar silsiləsinə sərt cavab verilməsi üçün artan təzyiqlə üzləşdiyi bir vaxta təsadüf edir. Cenin 2022-ci ilin baharından bəri israillilər və fələstinlilər arasında zorakılıqların qaynar nöqtəsinə çevrilib.

XS
SM
MD
LG