İsrailin müdafiə naziri Yoav Qallant cümə axşamı Qəzza zolağının müharibədən sonrakı idarəçiliyi ilə bağlı planını açıqlayıb və bildirib ki, orada döyüşlər bitdikdən sonra Fələstin ərazisini nə HƏMAS, nə də İsrail idarə edəcək.
Qallant planının müddəalarını Baş nazir Benyamin Netanyahunun kabinetinə təqdim etməzdən əvvəl mətbuata açıqlayıb. Son həftələr İsrail hökuməti 2007-ci ildən bəri bölgəyə rəhbərlik edən HƏMAS-ın devrilməsindən sonra Qəzzanın gələcəyi ilə bağlı müzakirələr aparırdı.
Plana əsasən İsrail bu ərazidəki müharibəsi oktyabrın 7-də girov götürülənlərin geri qaytarılmasını təmin edənə, HƏMAS-ın "hərbi və inzibati imkanlarını" və qalan bütün hərbi təhdidləri aradan qaldırana qədər davam edəcək.
Daha sonra planda deyilir ki, "Həmas Qəzza zolağına nəzarət etməyəcək, srail vətəndaşlarının təhlükəsizliyinə təhdid olmayacaq" və ərazinin idarəçiliyini naməlum Fələstin hakimiyyəti öz üzərinə götürməklə yeni mərhələ başlayacaq.
Planda İsrailin bölgədə fəaliyyət hüququnu özündə saxladığı, lakin "müharibədə məqsədlərinə nail olduqdan sonra Qəzza zolağında İsrail mülki varlığının qalmayacağı" deyilib.
Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bazar ertəsi sağçı maliyyə naziri Bezalel Smotriçin oxşar şərhlərini təkrarlayaraq, müharibədən sonra israilli köçkünləri əraziyə qayıtmağa, Qəzzanın Fələstin əhalisinin "emiqrasiyasını təşviq edən həllini" qəbul etməyə çağırıb.
Bu çağırışlar ərəb dövlətləri, eləcə də İsrailin əsas müttəfiqi ABŞ tərəfindən qınaqla qarşılanıb.
Vaşinqton Qəzzanın İordan çayının qərb sahilində yerləşən "yeni" Fələstin Administrasiyası tərəfindən idarə olunmasını təklif edib.
Forum