İsrail ordusu çərşənbə günü Qəzzada 7 yardım işçisinin ölümü ilə nəticələnən hava hücumunun "ağır səhv" olduğunu bildirib.
İsrailin hərbi komandiri general-leytenant Herzi Halevi yardım qrupu Dünya Mərkəzi Mətbəx (World Central Kitchen) üzvlərinin ölümünə səbəb olan hücumu "gecə vaxtı, müharibə zamanı, çox mürəkkəb şəraitdə yanlış identifikasiya" ilə əlaqələndirib.
"Dünya Mərkəzi Mətbəxi üzvləri bütün dünyada, o cümlədən İsraildə çətin şəraitdə yaxşı işlər görən bir təşkilatdır. İsrail Müdafiə Qüvvələri Dünya Mərkəzi Mətbəxi ilə sıx əməkdaşlıq edir və onların gördüyü mühüm işi yüksək qiymətləndirir", Halevi video şərhində bildirib.
Dünya Mərkəzi Mətbəxinin qurucusu Xose Andres çərşənbə günü The New York Times qəzetində dərc olunan essedə İsrailin "İsrail Müdafiə Qüvvələri tərəfindən istiqaməti öncədən məlum olan və açıq şəkildə işarələnmiş avtomobillərə" hücum etdiyini deyib.
Andres hücumun “humanitar yardımı məhdud səviyyəyə çatdıran siyasətin” nəticəsi olduğunu deyib.
"Ən pis şəraitdə, tarixindəki ən pis terror hücumundan sonra İsrailin yaxşı tərəfini nümayiş etdirməsi üçün vaxtdır. Siz Qəzzada hər binanı bombalamaqla girovları xilas edə bilməzsiniz. Siz bütöv bir əhalini aclığa məhkum etməklə bu müharibədə qalib gələ bilməzsiniz" – deyə, o bildirib.
ABŞ prezidenti Co Bayden çərşənbə axşamı günü hücumdan "qəzəbli və məyus olduğunu" deyib.
"Onlar müharibənin ortasında aclıq yaşayan dinc əhaliyə yemək çatdırırdılar. Onlar cəsarətli və fədakar idilər. Onların ölümləri faciədir", Bayden bildirib.
ABŞ lideri çərşənbə axşamı baş verən hücumun ayrıca bir hadisə olmadığını və İsrailin "mülki insanlara zəruri olan yardımı çatdırmağa çalışan yardım işçilərini qorumaq üçün kifayət qədər iş görmədiyini" qeyd edib.
"Birləşmiş Ştatlar bütün mövcud vasitələrlə Qəzzada fələstinli mülki şəxslərə humanitar yardım çatdırmaq üçün əlindən gələni etməyə davam edəcək. Mən İsrailə bu yardımı asanlaşdırmaq üçün daha çox işlər görməsi çağırışlarımı etməyə davam edəcəyəm. Və biz girovlarla bağlı razılaşmanın bir hissəsi kimi dərhal atəşkəs üçün çox çalışırıq" – deyə, ABŞ lideri bildirib.
Dünya Mərkəzi Mətbəxi, hücumdan sonra bölgədəki humanitar səylərini dərhal dayandırdığını açıqlayıb.
Forum