Accessibility links

Qəzzanın mərkəzi və cənubunda İsraillə HƏMAS arasında şiddətli döyüşlər gedir ​


İsrail çərşənbə axşamı Qəzza zolağı boyu hava hücumları həyata keçirib. Yerli sakinlər Qəzzanın mərkəzi və cənubunda İsrail qüvvələri ilə HƏMAS militantları arasında şiddətli döyüşlərin getdiyini bildirib.

Çərşənbə axşamı toqquşmalar Fələstin anklavının mərkəzində Əl-Büreycdə və Qəzzanın ikinci ən böyük şəhəri Xan Yunisdə baş verib.

İsrail ordusu həmçinin Qəzzada müharibə başlayandan bəri Livanın cənubunda sərhəddə İsrail qüvvələrini atəşə tutan HƏMAS-ın müttəfiqi Hizbullah militantlarını hədəf alan yeni hava hücumları həyata keçirdiyini bildirib.

İsrail həmçinin Suriya ərazisindən İsrailə doğru atəşlərə cavab olaraq, “Suriya ordusuna məxsus hərbi infrastrukturu” vurduğunu bəyan edib.

Suriyanın dövlət xəbər agentliyi İsrailin Dəməşqin ətrafına etdiyi bir neçə hava hücumunun “maddi ziyana” səbəb olduğunu bildirib.

İsrail əgər Hizbullah geri çəkilməsə, Livanda genişmiqyaslı müharibənin başlayacağı barədə xəbərdarlıq edib. Həm HƏMAS, həm Hizbullah Suriya, İraq və Yəməndəki müttəfiqlərinin İsrailə qarşı silahlı hücumlar həyata keçirən İran tərəfindən dəstəklənir.

İsrail bazar ertəsi Qəzzada əsgərlərinin sayını azaldacağını və eyni zamanda HƏMAS-a qarşı daha məqsədyönlü əməliyyatlar aparacağını elan edərək, Qəzza zolağında hücumlarının yeni mərhələsinə işarə edib.

İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir ki, əsgərlərin geri çəkilməsi "iqtisadi ağırlığı əhəmiyyətli dərəcədə yüngülləşdirəcək" və "döyüşlərin davam edəcəyi və onların xidmətlərinə ehtiyac duyulacağından qoşunlara gələn ilki fəaliyyətlər üçün güvvə toplamaq imkanı verəcək".

Kontr-admiral Daniel Haqari deyib ki, müharibənin davam edəcəyi gözlənilir. O, bazar günü bildirib ki, müharibənin məqsədləri "uzunmüddətli döyüşlər tələb edir".

Yerli sakinlərin dediyinə görə, İsrail həmçinin Qəzza zolağının bəzi bölgələrindən tanklarını da çıxarıb.

Müdafiə naziri Yoav Qallant bazar ertəsi keçirdiyi mətbuat brifinqi zamanı deyib ki, HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra Qəzza zolağının şimalından evakuasiya edilən bəzi İsrail icmaları hərbi əməliyyatlardan asılı olaraq, tezliklə geri qayıda biləcək.

İsrail Qəzzada əməliyyatlarının intensivliyini azaltmaq və fələstinli mülki əhalini qorumaq üçün əsas müttəfiqi olan ABŞ-ın təzyiqi altındadır.​

İsrailin hərbi əməliyyatlarında dəyişiklik etməsinə baxmayaraq, anklavda döyüşlər davam edir. Bazar ertəsi HƏMAS militantlarının Qəzzada raket zərbələri endirməsi İsraildə hava hücumu sirenlərinin səslənməsinə səbəb olub.

İsrailin hava hücumlarını intensivləşdirilib. İsrail Müdafiə Qüvvələrinin bildirdiyinə görə, hücum zamanı İsrailin cənubunda oktyabrın 7-də törədilən terror aktında döyüşçülərə rəhbərlik edən HƏMAS komandiri öldürülüb.

Forum

XS
SM
MD
LG