Accessibility links

İsrail BMT büdcəsinə illik ödəmələri 6 milyon dollar məbləğində azaldır


İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının Qərb sahilində yəhudi yaşayış məntəqəsində bəyanatla çıxış edir

İsrail BMT büdcəsinə illik ödəmələri 6 milyon dollar məbləğində azaldacağını bildirib. Bu qərarın səbəbi keçən ay BMT Təhlükəsizlik Şurasında İsrailin işğal olunmuş Fələstin ərazilərində yaşayış məntəqələrinin inşasını dayandırmasını tələb edən qətnamənin qəbul olunması ilə əlaqədardır.

Birləşmiş Ştatlar səsvermə zamanı bitərəf qalmış, bu isə Təhlükəsizlik Şurasının digər 14 üzvünün qətnaməni yekdilliklə qəbul etməsilə nəticələnmişdi.

İsrailin bizim BMT-də əleyhimizə çalışan orqanlara maliyyə vəsaiti ayırması məqsədəuyğun deyil
İsrailin BMT-dəki səfiri Danni Danon

İsrailin BMT-dəki missiyasının nümayəndəsi cümə günü bildirib ki, ölkənin 40 miyon dollar məbləğində illik ödəmələrindən ixtisar edilən 6 milyon dollar təşkilatın fələstinlilərə yardım fondlarına ayırdığı vəsaitin həcminə bərabərdir.

"İsrailin bizim BMT-də əleyhimizə çalışan orqanlara maliyyə vəsaiti ayırması məqsədəuyğun deyil"-deyə İsrailin BMT-dəki səfiri Danni Danon açıqladığı bəyanatda bildirib.

İsrailin BMT-dəki nümayəndəliyi Donald Trampın ABŞ prezidenti kimi and içməsindən sonra "İsrail əleyhinə fəaliyyətlər"in qarşısının alınması məqsədilə başqa addımların da atılacağını bildirib.

İsrailin BMT-dəki səfiri Danni Danon
İsrailin BMT-dəki səfiri Danni Danon

Konqresin Nümayəndələr Palatasının qətnaməsi

Bu həftə respublikaçıların nəzarətində olan ABŞ Konqresinin Nümayəndələr Palatası BMT-nin mövqeyi və prezident Barak Obama administrasiyasının Təhlükəsizlik Şurasında səsvermədə bitərəf qalmasının tənqid edildiyi qətnaməyə yekdilliklə səs verib.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın BMT-nin qətnaməsinin səsverməyə qoyulduğu zaman bitərəf qalmasını Vaşinqtonun ənənəvi müttəfiqinə qarşı "utanmazcasına" zərbə kimi qiymətləndirib.

Fələstinlilər BMT-də səsverməni alqışlayıb

Fələstinlilər isə öz növbəsində BMT-də səsverməni alqışlayıb. Fələstinlilərin sülh danışıqların keçmiş baş vasitəçisi Saeb Erekat bu addımı Netanyahuya onun siyasətinin nə İsrail, nə də fələstinliləri sülh və təhlükəsizliyə aparmayacağına dair "aydın və yekdil mesaj" adlandırıb.

Şərqi Qüdsdə və İordan çayının Qərb sahilindəki yaşayış məntəqələrində 500 mindən çox israilli yaşayır. Dünya ölkələrinin çoxunun hökumətləri bu yaşayış məntəqələrinin qeyri-qanuni olduğunu hesab edir. Obama administrasiyası da yaşayış məntəqələrini "qeyri-legitim" adlandırır.

İsrail İncildə torpaqlarla əlaqə və müasir dövrdə təhlükəsizliklə əlaqədar narahatlıqları əsas gətirərək, bütünlüklə Qüdsə və İordan ayının Qərb sahilində 1967-ci ildə altı günlük müharibə dövrü ələ keçirdiyi ərazilərə iddia edir.

XS
SM
MD
LG