Accessibility links

Qəzzada Fələstin yaraqlıları ilə İsrail əsgərləri arasında qarşıdurma olub


Qəzzada 12 saatlıq atəşkəsin qüvvəyə minməsindən əvvəl Fələstin yaraqlıları ilə İsrail əsgərləri arasında qarşıdurma olub.

Həmas Israilin atəşkəsin müddətinin daha 4 saat uzadılması təklifinə baxmayaraq, İsrail ərazisinə bir neçə raket atıb. Həmasın 3 raketinə İsrailin cavab verib-vermədiyi bildirilmir.

Müvəqqəti atəşkəs Qəzza sakinlərinə evlərinə qayıtmaq imkanı yaradıb.

7 ölkənin xarici işlər nazirləri atəşkəs müddətinin uzadılmasına çağırıb. ABŞ dövlət katibi Con Kerri və Fransa, Britaniya, Almaniya, İtaliya, Türkiyə və Qətərin xarici işlər nazirləri Parisdə Yaxın Şərq sülh böhranını müzakirə edib.

Görüşdən sonra müxbirlərin suallarını cavablandıran Fransanın xarici işlər naziri Loren Fabye deyib ki, nazirlər İsrailin təhlükəsizliyi və fələstinlilərin iqtisadi inkişafının zədələnməsi tələbi əsasında atəşkəsə çağırıb.

İsrailin Həmasın raket hücumlarına cavab əməliyyatları 3-cü həftədir davam etdirilir.

Qəzzanın səhiyyə rəsmiləri xilas komandalarının daha 40 cəsədi dağıntılar altında aşkar etdiklərini bildirib.

ABŞ dövlət katibi atəşkəsi müsəlmanların müqəddəs Ramazan bayramına ehtiram adlandırıb. Con Kerri deyib ki, atəşkəs tərəflərə faciəvi zorakılıqların arxasında duran məsələlərə diqqət yetirməsinə imkan yaradacaq.

O, bu gün Parisdə daimi atəşkəs əldə edilməsi səylərini davam etdirir.

İsrailin iki həftədir davam etdirdiyi əməliyyatları nəticəsində 1000-dən çox fələstinli həlak olub. Ölənlərin əksəriyyəti mülki vətəndaşlar və uşaqlardır. İsrail tərəfi isə 32 əsgəri və 2 mülki vətəndaşının həlak olduğunu bildirir.

XS
SM
MD
LG