Accessibility links

İsrail Dəməşq və Homs vilayətindəki hökumət qüvvələrinin mövqelərinə raket zərbələri endirib


Suriya dövlət mediası iyulun 1-də İsrailin Dəməşq yaxınlığında və Homs vilayətindəki hökumət qüvvələrinin mövqelərinə raket zərbələri endirdiyini bildirib.

SANA xəbər agentliyi Suriyadan adını çəkmədiyi hərbi mənbələrə istinadla raketlərin Livanın hava məkanında uçan İsrail hərbi təyyarələrindən buraxıldığını yazıb.

Suriya İnsan Haqlarının Monitorinqi qrupunun məlumatına görə, raket zərbələrində rejim tərəfdarı olan əsasən əcnəbi doqquz döyüşçü və üçü uşaq olmaqla, altı dinc sakin həlak olub.

Zərbələrin paytaxt yaxınlığındakı İran mövqelərinə endirildiyi, Homsdan qərbdə tədqiqat mərkəzinin və hərbi aeroportun vurulduğu bildirilir. Burada Livanın Hizbullah şiə yaraqlı qruplaşması və iranlılar yerləşir.

İsrail indiyədək Suriyadakı İran və Hizballah hədəflərinə yüzlərlə raket zərbəsi endirib.

Bu raket zərbələri İsraillə Rusiya arasında fikir ayrılığı yaradıb. Rusiya ilə İran Suriya prezidenti Bəşar Əl-Əsəd rejimini dəstəkləyir.

Suriyada 2011-ci ilin martından başlamış vətəndaş müharibəsində 370 mindən çox adam ölüb, milyonlarla adam evindən didərgin düşüb.

XS
SM
MD
LG