İsrailin parlamenti cümə axşamı mübahisəli qanun qəbul edib. Qanuna görə, İsrailin müqəddəratını təyin etmək hüququ yalnız yəhudilərə məxsus olacaq.
Millət-dövlət qanunu adlandırılan bu qanun xüsusilə də parlamentin ərəb üzvləri tərəfindən edilən sərt tənqidlər və səkkiz saat davam edən müzakirələrdən sonra 62 lehinə, 55 əleyhinə səs olmaqla qəbul edilib.
''Bu şeytan qanunudur. Bu qanunun üzərində qara bayraq dalğalanır'' - deyə, İsrail parlamentinin Ərəb qrupunun lideri Ayman Odeh bildirib.
Lakin baş nazir Benyamin Netanyahu qanun layihəsini "İsrail dövlət tarixində və Sionizm salnamələri üçün vacib bir an" kimi qiymətləndirib.
''Mən yenidən təkrarlamaq istəyirəm ki, bura bizim ölkəmizdir. Bura yəhudi ölkəsidir. Ancaq son zamanlarda bu dövləti pozmaq istəyən, mövcudluğumuz və hüquqlarımızın təməlini pozmaq istəyən insanlar var. Buna görə də biz bu gün qaya kimi qanun qəbul etdik. Bu bizim ölkəmiz, dilimiz, himnimiz və bayrağımızdır.''
İsraildə yaşayan ərəblərin vətəndaş hüquqlarının qorunacağına tam zəmanət verilir. Buna baxmayaraq xüsusilə də dövlət xidmətlərində çalışan ərəblərin əksəriyyəti ayrı-seçkilikdən şikayət edir.