Accessibility links

İstanbul aeroportunda minlərlə insan ilişib qalıb


İstanbul Beynəlxalq Hava limanının operatoru çərşənbə günü bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bir həftə ərzində uçuşların dayandırılması 2000 nəfərə yaxın insanın aeroportda ilişib qalmasına səbəb olub.

Operator dünyanın ən məşğul aeroportlarından birində ilişib qalanların yarısından çoxunun Əlcəzair vətəndaşları, qalanlarının isə Özbəkistan, Türkmənistan və Azərbaycan vətəndaşları olduğunu deyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Türkiyə dünya boyu 375 mindən çox insanın yoluxmasına, 16 mindən çox insanın ölümünə səbəb olan koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə 70 ölkəyə uçuşları dayandırıb.

"Hazırda İstanbul Hava Limanında təxminən 1500 əlcəzairli var" deyən sözçü, Əlcəzair hökumətinin hələ ki, onları geri qəbul edə bilmədiyini bildirib.

Əlcəzairin dövlət Air Algerie şirkəti bazar ertəsi bütün sərnişin reyslərinin dayandırıldığını elan etdi. Şirkətdən bir mənbənin bildirdiyinə görə, onların vətənə dönməsi ilə bağlı son qərar verilməyib. "Bu qərarı hökumət qəbul etməlidir" - deyə, mənbə bildirib.

Türk Hava Yolları və Türk Qızıl Aypara təşkilatı hava limanında ilişib qalmış insanların yemək və zəruri ehtiyaclarını təmin edir.

Şərhlərə bax

XS
SM
MD
LG