Türkiyə mətbuatı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında 42 nəfərin ölümü, 239 nəfərin yaralanması ilə nəticələnən intiharçı bomba hücumunu törədən şəxslərin Rusiya, Özbəyistan və Qırğızıstan vətəndaşları olduğunu bildirir.
Türkiyə rəsmiləri hava limanına hücuma görə İslam Dövlətini günahlandırsa da, terrorçuların kimliklərini açıqlamayıb. Militant qrup isə hələ ki məsuliyyəti öz üzərinə almayıb.
İstanbul hava limanında bomba hücumları ilə bağlı 13 şübhəli şəxsi həbs edilib.
İstanbulda həbs olunanlardan üçünün xarici olduğu deyilir.
Çərşənbə günü ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin başçısı Con Brennan deyib ki, bomba hücumu İslam Dövlətinin “mənəviyyatsızlığını” xatırlatdır. Brennan terrorçu qrupun oxşar hücumu Birləşmiş Ştatlarda da keçirə biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ Prezidenti Barak Obama da çərşənbə günü Kanadada keçirilən Şimali Amerika liderlərinin sammiti zamanı hücumu qınayıb.
Hava limanının işçi heyəti sınmış tavan plitələri və şüşə qalıqlarını təmizləyiblər. Ağır silahlı polis zabitləri terminallarda keşik çəkib.
Türkiyə Hava Yolları ABŞ və İstanbul arası reyslər daxil olmaqla bütün uçuşları bərpa edib.
Dövlətə məxsus Anadolu Agentliyi deyib ki, hüquq mühafizə orqanları İzmir şəhərində Suriyadakı İslam Dövləti döyüşçüləri ilə əlaqələrinin olduğu güman edilən doqquz nəfəri həbs edib. Onlar İŞİD-ə maliyyə dəstəyi verməkdə və yeni döyüşçü cəlb etməyə yardım etməkdə ittiham olunur.
Avropanın üçüncü ən məşğul hava limanına hücum son bir il ərzində Türkiyədə 260 nəfərin ölümü ilə nəticələnən hücumlardan sonuncusudur. Terrorizm Türkiyənin iqtisadiyyatı üçün mühüm rol oynayan turist sənayesini öldürüb.
Bu ilin əvvəli İstanbulda törədilən digər iki hücuma görə məsuliyyəti İslam Dövləti öz üzərinə götürüb.