Accessibility links

İstanbulda polis idarəsinə hücum edən qadınlar öldürülüb


Bu gün əllərində silah və qumbara ilə polis idarəsinə hücum edən iki qadın Türkiyə polisi tərəfindən öldürülüb.

Təhlükəsizlik kameraları tərəfindən çəkilən görüntülərdə iki qadının atəş açılan zaman binadan çıxıb qaçaraq, yandakı binaya daxil olduqları görünür. Polis həmin binanı mühasirəyə aldıqdan və hücuma keçdikdən sonra qadınlar ölü çıxarılıb.

Şəxsiyyətləri hələlik məlum olmayan qadınlardan başqa xəsarət alanlar barədə məlumat verilməyib.

Bundan əvvəl də İstanbulda kürd və solçu üsyançılar tərəfindən hücumlar həyata keçirilib. Yanvar ayında Türkiyə rəsmiləri İstanbulda polis məntəqəsinə qadın intiharçının hücumu nəticəsində bir polis zabitinin öldüyünü bildirmişdi.

Qadının Sultan Əhməd məscidinin ərazisindəki polis məntəqəsinə daxil olarkən ingilis dilində danışdığı və üzərindəki partlayıcıları işə saldığı haqda məlumat verilmişdi.

Hadisə turistlərin İstanbulda ən çox ziyarət etdiyi Sultan Əhməd məscidi və Ayə Sofya məbədinin yerləşdiyi ərazidə baş vermişdi.

Bu yaxınlarda Ankarada da güclü partlayış nəticəsində azı 28 nəfərin həyatını itirdiyi, təxminən 61 insanın yaralandığı bildirilmişdi. Partlayış hərbi qərargahların ofisindən bir neçə yüz metrlik məsafədə, hərbi maşın karvanı keçdiyi zaman baş vermişdi.

XS
SM
MD
LG