Accessibility links

Azərbaycanda ixtisası necə seçirlər?


Azərbaycanda orta məktəbi bitirən şagirdlər daha çox hansı ixtisasları seçirlər? Bəs əmək bazarında populyar ixtisaslar hansıdır?

Təhsil Xidməti Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, Azərbaycanda məzunlar ixtisas qərarını əsasən iki cür əsaslandırır. Onlar ya dəyər verdikləri ixtisasları seçirlər, ya da əmək bazarında ehtiyac olan ixtisaslara üstünlük verirlər.

3-cü ixtisas qrupunda ən yüksək bal hüquq istiqamətində formalaşır. Amma onlar sonradan əmək bazarında iş tapmaqda problem yaşayırlar, karyera yolu daha çətin olur. Halbuki, həmin ixtisas qrupundan psixoloji xidmət, sosiologiya kimi ixtisaslar var və bu ixtisaslar daha uğurludur. Bundan başqa, müəllimlik ixtisasına daha çox ehtiyac olmasına baxmayaraq, uşaqlar hüquq ixtisasına yiyələnirlər. Bu, onların mental xüsusiyyətləri ilə bağlıdır.

Kamran Əsədov hesab edir ki, ixtisas seçərkən, əmək bazarının tələblərini nəzərə almaq lazımdır. Onun sözlərinə görə, hazırda həm dünyada, həm də Azərbaycanda kənd təsərrüfatı ixtisasına tələb artır, amma Azərbaycanda hələ də balıqçılıq, baytarlıq kimi ixtisaslara keçid balı minimum həddə- 150 baldır. Həmin ixtisasların daxil olduğu 4-cü ixtisas qrupunda ən yüksək bal müalicə işi ixtisası üzrə formalaşır.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, keçən il abituriyentlərin seçimi belə olub.

Azərbaycan bölməsi üzrə əyani şöbədə abituriyentlər

1-ci ixtisas qrupunda riyaziyyat müəllimi

2-ci ixtisas qrupunda- maliyyə

3-cü ixtisas qrupunda -xarici dil- ingilis dili müəllimliyi

4-cü ixtisas qrupunda - müalicə işi

5-ci ixtisas qrupundan- fiziki tərbiyə ixtisaslarını 1-ci yazıblar.

Rus bölməsi, əyani şöbədə ixtisas seçimi belə olub:

1-ci ixtisas qrupunda informasiya texnologiyaları

2-ci ixtisas qrupunda turizm və menecment

3-cü ixtisas qrupunda xarici dil - ingilis dili müəllimliyi

4-cü ixtisas qrupunda müalicə işi

5-ci ixtisas qrupunda dizayn

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə AzadlıqRadiosuna deyir ki, dövlət əmək bazarının tələbləri əsasında hər il plan yerləri müəyyənləşdirir, Dövlət İmtahan Mərkəzi isə həmin plan yerlərinin siyahısını dərc edir və məzunlar bu siyahı əsasında ixtisas seçir.

Təhsil Xidməti Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov isə bildirir ki, əmək bazarının tələbləri ilə bağlı daha dərin təhlil hazırlamağa ehtiyac var:

“İxtisaslarla bağlı “Bələdçi” adlı jurnal buraxmaq lazımdır ki, orda ixtisaslar haqda məlumatlar olsun və abituriyentlər bilsin ki, mən təhsilimi başa vurandan sonra iş tapa biləcəyəmmi?”

Kamran Əsədov deyir ki, hazırda ali məktəbləri bitirən ortalama 160 min tələbənin yalnız 40 faizi işlə təmin olunur, qalanları ixtisasına uyğun iş tapa bilmir.Keçən il BP Azərbaycan şirkətindən AzadlıqRadiosuna bildirmişdilər ki, hazırda bu şirkətdə qazma mühəndisi, quyuların tamamlanması mühəndislər və texnoloqlara ehtiyac var və olacaq.

Şirkətdən deyiblər ki, neft və qaz sənayesində rəqəmsal texnologiyanın tətbiqi artmaqdadır, odur ki, rəqəmsal texnologiyalar üzrə mütəxəssisələrə ehtiyac olacaq.

Beləliklə, şirkət, qarşıdakı illərdə, verilənlər üzrə analitiklər - data analitiklər - rəqəmsal sahədə proqnozlaşdırma analitikası üzrə mütəxəssis axtaracaq. Yeni məzunlar üçün olan işə qəbul proqramlarına qəbul da bu tələb olunan ixtisaslar üzrə olacaq.

AzadlıqRadiosu

Fikirləriniz

Show comments

XS
SM
MD
LG