Accessibility links

Bayden, Harris, Tramp və Vans 11 sentyabr terror aktının qurbanlarını yad edib


Prezident Co Bayden, vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Tramp çərşənbə günü 2001-ci il sentyabrın 11-də 3000-ə yaxın insanın ölümü ilə nəticələnən terror aktlarının qurbanlarının xatirəsini yad ediblər.

Demokratlar Partiyasından prezidentliyə namizəd Harris və noyabrın 5-də keçiriləcək prezident seçkilərində onun Respublikaçılar Partiyasından rəqibi Tramp əl sıxaraq bir neçə söz mübadiləsi aparıblar.

Nyu-Yorkda keçirilən mərasimdə Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd senator J.D. Vans, həmçinin Nyu-Yorkun keçmiş meri Maykl Blumberq iştirak edib.

ABŞ prezidenti Co Bayden terror aktlarının ildönümü ilə əlaqədar bəyanat verib.

"Bu gün ölkəmiz müqəddəs andımızı heç vaxt unutmamaq üçün bir araya gəlir. Terrorçuların ölkəmizə hücumu zamanı əlimizdən alınan 2977 qiymətli canın hər birini heç vaxt unutmamaq üçün. O alova bürünən sentyabr səhərinin kədərini hələ də daşıyan ailələri heç vaxt unutmamaq üçün. Amerikalı həmyerlilərinə yardıma qaçan qəhrəman vətəndaşlarını və sağ qalanları heç vaxt unutmamaq üçün. Və heç vaxt unutmayaq ki, şər və bizi parçalamaq istəyən düşmənlə üz-üzə qalsaq da, möhkəm dayandıq", Ağ Evin saytındakı bəyanatda deyilir.

Ağ Evin rəhbərinin bəyanatında qeyd edilib ki, "11 sentyabr terror aktlarının zərbəsi altında biz Amerika xalqının dözümlülüyünü sübut etdik."

ABŞ prezidenti 2001-ci il sentyabrın 11-də terrorçuların "bizim iradəmizi qırıb, bizi diz çökdürə bilərlər" deyə, düşündükləri üçün səhv etdiklərini deyib. Eyni zamanda, Bayden terrorla mübarizəni davam etdirəcəyini və "terrorçuları ədalət qarşısına çıxarmağa davam edəcəyini" vəd edib.

Xatırladaq ki, düz 23 il əvvəl ABŞ-ın terror təşkilatı kimi tanıdığı "Əl-Qaidə" militantları 3 sərnişin təyyarəsini qaçıraraq, Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, eləcə də Pentaqonun binasına çırpmışdı. Dördüncü təyyarə sərnişinlərin təyyarəni qaçıranlara müqavimət göstərməsi nəticəsində Pensilvaniya ştatında əkin sahəsinə düşmüşdü.

Pentaqonda 184, Nyu Yorkdakı Dünya Ticarət Mərkəzində 2606, Pensilvaniya səmasındakı təyyarə qəzasında 44 nəfər həlak olub.

Vitse-prezident Kamala Harris öz növbəsində "öz soydaşlarına yardım edən amerikalıların həmin dəhşətli gündə göstərdiyi qeyri-adi qəhrəmanlığını" qeyd edib.

Harris xatırladıb ki, 2011-ci ildə prezident Barak Obamanın göstərişi ilə keçirilən əməliyyat zamanı “Əl-Qaidə”nin təsisçisi Usama Bin Laden öldürülüb, iki il əvvəl isə prezident Co Baydenin göstərişi ilə Əyman Əl-Zəvahirinin müavini öldürülüb.

Bu illik mərasim Manhettendə, Pentaqonda və sərnişinlərin terrorçulara müqavimət göstərməsi nəticəsində təyyarənin qəzaya uğradığı Pensilvaniya ştatında keçirilir.

Bayden və Harris daha sonra United 93-ün qəzaya uğradığı Pensilvaniya ştatının Şenksvilə gedəcəklər, daha sonra prezident və vitse-prezident Pentaqonun anım mərasimində iştirak etmək üçün Vaşinqtona qayıdacaqlar.

Forum

XS
SM
MD
LG