“Bu gün biz işçilər və onların ailələri üçün şad xəbər aldıq: sentyabr ayında 250 mindən çox yeni iş yeri açılıb və işsizlik səviyyəsi 4,1%-ə düşüb. Biz 16 milyon iş yeri yaratmışıq və maaşlar qiymətlərdən daha sürətlə artır”, ABŞ prezidenti sentyabr ayı məşğulluq hesabatı ilə bağlı açıqlamasında bildirib.
Bayden rəhbərlik etdiyi dövrdə işsizlik səviyyəsinin son 50 ilin ən aşağı səviyyəsinə düşdüyünü və 19 milyon yeni müəssisənin yaradıldığını, inflyasiya və faiz dərəcələrinin aşağı salındığını vurğulayıb.
"Biz işçilərin əmək haqqının yaxşılaşdırılması üçün kollektiv aparılan danışıqların gücünü görürük. Bura Şərq Sahili və Körfəz limanlarının yenidən açılması, liman işçiləri ilə yanaşı, logistikada çalışanlar və liman operatorlarının rekord maaşları üçün əldə olunmuş irəliləyiş də daxildir ", Prezident qeyd edib.
Eyni zamanda, Bayden bununla dayanmamağa və xərcləri azaltmaq və imkanları genişləndirmək üçün daha çox iş görməyə çağırış edib.
"Konqres bizim milyonlarla yeni ev tikmək, reseptlə satılan dərman qiymətlərinə limitləri genişləndirmək, işçilərin hüquq və imkanlarını genişləndirmək və təşkilatlanma hüququnu qorumaq, həmçinin zəhmətkeş ailələr üçün vergiləri azaltmaq planımızı qəbul etməlidir", Bayden bildirib.
Co Bayden Konqresdəki Respublikaçıların "milyarderlər və böyük korporasiyalar üçün nəhəng vergi güzəştləri tətbiq etməyi, əlçatan tibbi xidməti qanununu ləğv etməyi, əlavə işləmə haqqını azaltmağı və xərcləri ildə təxminən 4000 dollar artıracaq ölkəboyu satış vergisi tətbiq etməyi planlaşdırdığını" açıqlayıb.
"Nə qədər ki, onlar milyarderləri birinci yerə qoyurlar, biz orta sinfi böyütmək üçün mübarizəmizi davam etdirəcəyik", ABŞ prezidenti qeyd edib.
Forum