Accessibility links

İordaniyanın xarici işlər naziri İrana nadir səfəri zamanı regional gərginliyin azaldılmasına çağırıb


İordaniyanın xarici işlər naziri Əyman Səfadi (solda) və İran prezidenti Məsud Pezeşkian
İordaniyanın xarici işlər naziri Əyman Səfadi (solda) və İran prezidenti Məsud Pezeşkian

İordaniyanın xarici işlər naziri Əyman Səfadi zorakılıqların artmasına son qoyulması və regionun "sülh, təhlükəsizlik və sabitlik" içində yaşaya bilməsi təklifi ilə İrana bazar günü etdiyi nadir səfərini başa çatdırıb.

Səfadinin İrana səfəri HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra regional gərginliyin daha da artmasının qarşısını almaq üçün Fransa, Britaniya, İtaliya və Misir də daxil olmaqla, ABŞ və tərəfdaşlarının davam edən diplomatik təmaslarından sonra baş tutub.

İran dövlət televiziyasının xəbər verdiyinə görə, İran prezidenti Məsud Pezeşkian Səfadi ilə görüşdə Haniyənin öldürülməsini "sionist rejimin (İsrail) böyük səhvi olduğunu və cavabsız qalmayacağını" deyib.

İran və İordaniya həmçinin Əmmanın Suriyadakı iranpərəst silahlı qruplaşmalarını ölkəyə narkotik qaçaqmalçılığında ittiham etməsi və İranın keçən ilin aprel ayında İsrailə ilk birbaşa hücumunun qarşısını almaqda iştirak etməsi ilə bağlı son gərginlikdən sonra münasibətlərini yaxşılaşdırmağa çalışır.

Səfadi iranlı həmkarı ilə birlikdə Tehranda keçirdiyi mətbuat konfransında "Mənim İrana səfərimin məqsədi regionda ciddi gərginlik barədə məsləhətləşmələr aparmaq, iki ölkə arasındakı fikir ayrılıqlarının dürüstlük və şəffaflıqla aradan qaldırılması ilə bağlı açıq-aydın müzakirələr aparmaqdır" deyib.

"İordaniya Fələstin məsələsini və Fələstin xalqının hüquqlarını müdafiə etməkdə həmişə fəal olub. O, İsrailin Fələstin ərazilərini işğalını pisləyib, İsrailin təhlükəsizlik, sabitlik və ədalətli sülhə nail olunmasına mane olan artan tədbirlərini rədd edib" - deyə, o bildirib.

Səfadi çərşənbə günü Haniyənin öldürülməsini pisləyib. O, "Bu, iyrənc bir cinayət, beynəlxalq hüquq və humanitar hüququn pozulmasıdır, dövlətin suverenliyinə qəsd və gərginliyi artıran bir addımdır. Biz bunu tamamilə rədd edirik" deyib.

"Biz İsrailin Qəzzaya təcavüzünü dayandırmaq, İsrailin bu cür qeyri-qanuni tədbirlərinin və Fələstin xalqına qarşı cinayətlərin qarşısını almaq, bütün bölgəni regional müharibənin nəticələrindən qorumaq üçün təsirli addımlar tələb edirik" - deyə, o əlavə edib.

Forum

XS
SM
MD
LG