Avropa İttifaqının baş diplomatı Josep Borrel bildirib ki, Blokun 27 üzvü Moskvanın Ukraynaya əsassız işğalına qarşı sanksiya olaraq, Rusiya ilə turistlərin viza almasının asanlaşdırılması ilə bağlı razılaşmanı dayandırmaq qərarı verib.
Borrell bu qərarı Avropa İttifaqının xarici işlər nazirlərinin Çexiya paytaxtında çərşənbə axşamı keçirilən görüşün ikinci günü açıqlayıb. Görüş zamanı bəzi ölkələr rusiyalı turistlərə vizaların verilməsinə tam qadağanın tətbiq edilməsini istəsələr də, bu təkliflə bağlı razılıq əldə edilməyib.
Rusiyalılar üçün Avropa İttifaqına giriş tələblərini yüngülləşdirməyə dair 2007-ci il viza razılaşması fevralın sonunda qismən dayandırılmışdı. Bu, Rusiya prezidenti Vladimir Putinə yaxın rəsmi nümayəndə heyətləri və diplomatik pasportları olan şəxsləri hədəf almışdı. Lakin bu qərar “sıravi rusiyalılara” aid deyildi və onlara Avropa İttifaqının sadələşdirilmiş viza rejimindən, məsələn, gözləmə müddəti və xərclərin azaldılması, müraciət edərkən daha az sənəd təqdim etməyə imkan verirdi.
Rusiya ilə həmsərhəd olan Baltikyanı ölkələr, Polşa və Finlandiya rusiyalı turistlər üçün vizaların daha çox sərtləşməsinin tərəfdarıdır. Avropa İttifaqı Rusiyadan uçuşlara qadağa qoyduğundan, əksər səyahətçilər digər Avropa İttifaqı ölkələrinə səyahət etmək üçün quru sərhədlərindən istifadə edir.
Borrell razılaşmanın rusiyalıların qaydaların o qədər də sərt olmadığı blok ölkələrinə səyahət sənədləri üçün müraciət edənlərin “viza alış-verişini” dayandırmaq məqsədi daşıdığını deyib.
Razılaşmanın dayandırılması Avropa Komissiyasının təlimatlarına əsasən viza prosesini daha mürəkkəb, daha bahalı və daha bürokratik edir, təsdiq üçün gözləmə müddətini artırır.
Almaniya və Fransa vizalarla bağlı sərt tədbirlərin həyata keçirilməsi müzakirələndə digər tərəfdən çıxış ediblər. Onların fikrincə, bu tədbirlər Moskvanın Ukraynaya qarşı aqressiyasını dəstəkləməyən rusiyalıların dəstəyini qazanmaq istiqamətdinə əks-məhsuldar olacaq.