Accessibility links

Jurnalistə hücum edilib, ölümlə hədələnib  


Mayın 8-də, Bakı vaxtı ilə saat 24 radələrində jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.

“Saat 12-yə qalardı. Mən taksidən düşüb liftə mindim. Orta yaşlı bir kişi də mənimlə birgə liftə mindi. Adətən qonşular da liftə minir. Bu səbəbədən fikir vermədim. Liftin qapısı bağlanan kimi həmin adam axra tərəfdən bir əli ilə çənəmi bərk sıxdı, digər əli ilə bıçağı boğazıma dirədi. Bıçaq boğazımı deşirdi. O bıçağı geri çəkdi, sonra yenidən boğazıma dirədi. Bu səbəbdən boğazımda iki deşik izi qalıb. Dedi ki, sən ağıllanmadın. Qızımın ünvanına təhdid xarakterli və ağır söyüş işlətdi. Bu zaman lift mənim yaşadığım mərtəbəyə çatdı və qapısı açıldı. Həmin şəxs məni sərbəst buraxdı və liftlə qayıtdı. Mən həyat yoldaşımı çağırdım və o həmin şəxsi təqib etmək istədi. Lakin onu tapa bilmədi,” Məmmədova qeyd edib.

Jurnalist bildirib ki, ona hücum peşə fəaliyyəti ilə bağlıdır.

“Şübhəm var ki, bu azyaşlı qızın məhkəmə işi ilə bağlıdır. Bundan öncə, təxminən 20 gün əvvəl ev telefonuma bununla bağlı bir təhdidedici zəng daxil olub. Çünki mən son zamanlar bu olayla bağlı (söhbət azyaşlını zorlayraq öldürməkdə günahlandırlaraq həbs edilən İlkin Süleymanovun məhkəməsindən gedir-red) ən çox araşdırmalar, məqalələr yazan jurnalistlərdənəm. Bu həm də ölkədə çox səs-küy doğuran hadisədir. Çox müəmmalı bir hadisədir. Yeri gəlmişkən, düşünürəm ki, bu olayın açılmasını istəməyən müəyyən qüvvələr var.”

Məmmədova deyib ki, iyrimi illik jurnalist fəaliyyətində ilk dəfə zorakılığa məruz qalıb.

“Jurnalist fəaliyyətim dövründə nə dövlət qurumları, nə də fiziki şəxslərlə problem yaşamamışam. Bu ilk təhdiddir,” o qeyd edib.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı qızın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitinin tapılmasıyla bağlı gedən məhkəmə işidir. Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edir.

Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları təhqiqat aparır.

Aytən Məmmədova ölkədə məhkəmə işləri ilə bağlı məqalələr yazan jurnalistlərdəndir. O ölkədə internet saytına blok qoyulan “Azadlıq” qəzetinin müxbiri olub və digər nəşrlər üçün məqalələr yazır.

XS
SM
MD
LG