Accessibility links

Hakim Trampın Kapitoliyə hücumla əlaqəli məhkəmə iddialarını ləğv etmək tələbini rədd edib


Sabiq ABŞ prezidenti Donald Tramp

ABŞ-ın federal hakimi cümə günü sabiq prezident Donald Trampın qanunvericilərin və iki Kapitoli polis zabitinin konspirasiya ilə bağlı məhkəmə iddialarını ləğv etmək səylərini rədd edib və qərarında bildirib ki, sabiq prezidentin sözlərinin 2021-ci ilin yanvarın 6-da Kapitoliyə hücuma gətirib çıxardığı “inandırıcıdır.”

ABŞ Mahal Məhkəməsinin Hakimi Amit Mehta qərarında bildirib ki, Trampın ABŞ Kapitolisinə zorakı hücumdan öncə keçirilən mitinqdə söylədiyi sözlər böyük ehtimalla “təhrikedici sözlər idi və Konstitusiyaya Birinci Düzəliş altında qorunmur.”

“Məhkəmə ən qeyri-adi şərtlərdə prezidentin çıxışının Birinci Düzəliş altında qorunduğunu tanımaya bilər,” Mehta yazıb. “Ancaq məhkəmə hesab edir ki, bu belədir.”

Bu qərar sabiq prezidentin üzləşdiyi ən son hüquqi təhlükədir. Bundan bir neçə saat öncə Milli Arxiv Trampın Mar-a-Laqo iqamətgahındakı sənədlərdə məxfi məlumatların olduğunu və Ədliyyə Nazirliyini bununla bağlı məlumatlandırdığını bildirib.

Cümə axşamı Nyu Yorkda bir hakim Tramp və onun iki övladının Nyu York ştatının mülki istintaqı çərçivəsində and içərək biznes əməlləri ilə bağlı suallar cavablandırmalı olduqlarına dair qərar çıxarıb. Bir digər hakim onun şirkətinin maliyyə rəhbərinin Kolumbiya Mahalının baş prokuroruluğunun istintaqı çərçivəsində dindirilməsinə qərar verib. Bundan əlavə bu həftənin əvvəli Trampın illik maliyyə hesabatlarını hazırlayan şirkət bildirib ki, gəlirli kreditləri təmin etmək və Trampın zəngin bir iş adamı kimi imicini cilalamaq üçün istifadə edilən sənədlərə “artıq etibar edilməməlidir”.

Konqres 2020-ci il prezident seçkisinin nəticələrini təsdiq etmədən bir neçə saat öncə Ellips parkında keçirilən planlaşdırılmış mitinq zamanı Tramp tərəfdarlarına “Cəhənnəm kimi mübarizə aparın, və əgər cəhənnəm kimi mübarizə aparmasanız, artıq ölkəniz olmayacaq” deyib. O “(zəif Respublikaçılara) ölkəmizi geri almaq üçün ehtiyacları olan qürur və cəsarəti verməyə çalışacağıq,” deyib və bunun ardınca izdihama “Pensilvaniya prospekti ilə aşağı doğru yürüyün” söyləyib.

Mehta deyib ki, Trampın çıxışı insanları qanunu pozmağa yönəltmiş ola bilər. Amma hakim Trampın oğlu Donald Tramp Cunior və vəkili Rudi Cudialiniyə qarşı irəli sürülən bəznər ittihamları rədd edib və deyib ki, onların çıxışı Birinci Düzəliş altında qorunur. Mehta məhkəmə iddialarında adı hallanan Alabama ştatından Respublikaçı Mo Bruksa qarşı ittihamı rədd etmək üçün qaldırılan iddia ilə bağlı qərar verməyib.

Kaliforniyadan Respublikaçı nümayəndə Erik Svalvell, polis zabitləri Ceyms Blassingeym və Sidney Hembi və ilk başda Mississippi ştatından Demokrat nümayəndə Benni Tompson tərəfindən qaldırlan məhkəmə iddialarında Tramp, Tramp Cunior, Culiani və Bruksun “dələduzluq və oğurluqla bağlı yalan və qızışdırıcı iddialar irəli sürdüklərini və müttəhimin mitinqdə zorakılığa dair açıq çağırışlarına birbaşa cavab olaraq, zorakı bir qrupun ABŞ Kapitolisinə hücum etdiyi” iddia olunub.

Tompson daha sonra yanvarın 6-da baş verən hücumu araşdıran komissiyaya rəhbər təyin olunandan sonra məhkəmə iddiasından geri çəkilib.

Tramp, Tramp Cunior, Culiani və Bruks ittihamları rədd edirlər.

XS
SM
MD
LG