Accessibility links

Emin Hüseynov: “Press” yazılan xüsusi fərqləndirici jiletlər də jurnalistləri zorakılıqdan xilas etmir


Emin Hüseynov
Emin Hüseynov

RATİ direktoru jurnalistlərə qarşı polis zorakılığından danışıb. O özü də yanvarın 12-də zorakılığa məruz qalıb

Artıq üzərində “Press” yazılan xüsusi fərqləndirici jiletlər də jurnalistləri polis zorakılığından xilas etmir. Bu barədə yanvarın 14-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib.

Bu, Bakıda əsgər ölümünə qarşı yanvarın 12-də keçirilən aksiyada təsdiqini tapıb. Toplaşanlara polislərin kobud rəftarının videoyazısı nümayiş etidirilib.

“Peşə fəaliyyətimə mane olan polislərin cəzalandırılmasını, onlara qarşı cinayət işi açılmasını, tibbi ekspertizadan keçirilməyimi, mənə dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edəcəyəm”, deyə Hüseynov bildirib.

RATİ jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı bütün zorakılıq faktlarının araşdırılmasına çalışacaq. Cənab Hüseynov aksiyalar zamanı jurnalistlərin müdafiəsi üçün jiletlərlə yanaşı, beyin silkələnməsindən qorunmaq üçün onlara kaska paylanmasını təklif edir.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı həmçinin jurnalistlərin döyülməsi faktı üzrə cinayət işi açılması zərurətini qeyd edib.

Hüquqşünas Ələsgər Məmmədli xatırladıb ki, Cinayət Məcəlləsinin 163-cü maddəsində jurnalistin peşə fəaliyyətinə mane olmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur.

O hesab edir ki, polisin əməlləri qərəzli olub. Hüquqşünas xatırladıb ki, cəmi 2 ay əvvəl hakimiyyət ATƏT-lə birlikdə seminar keçirib və aksiyalar zamanı jurnalistlərin təhlükəsizliyinin təmin ediləcəyinə söz verib.

Qeyd edək ki, yanvarın 12-də bir çox digər media işçilərinə qarşı da analoji kobudluq və zorakılıq faktları qeydə alınıb.
XS
SM
MD
LG