“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin bir qrup əməkdaşı, “Dalğa” Gənclər Hərəkatının fəalları Yasamal rayon məhkəməsinin qarşısında etiraz aksiyası keçirib. Nümayişçilər nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı iddiası ilə bağlı etirazlarını bildirib. Aksiya iştirakçıları «Ayı üçün 1 mln. manat, təqaüdçülərə isə 100 manat!», «Ayılardan və mətbuatdan əl çəkin!», «Bizdən ayı ətindən kabab üçün pul tələb etməyin!» şüarları səsləndirib.
Belə ki, bu il iyulun 2-də “Azadlıq” qəzetində “Kəmaləddin Heydərovun ayısını yedilər” başlıqlı məqalə dərc edilib. “Yeni Müsavat” qəzeti bu məqaləni əlavələrlə yenidən dərc edib. Bununla yanaşı, “Yeni Müsavat” qəzeti sentyabrın 14-də “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalə dərc edib. Anar Məmmədov bu qəzetlərdə onun Qəbələ rayonundakı restoranlardan birində ayı kəsdirərək kabab hazırlamağı tələb etməsi və bunun üçün 1 mln. manat ödəməsi barədə yayılan məlumatları işgüzar nüfuzuna zərbə kimi qiymətləndirib. İddiada qəzetlərin ziyan müqabilində 600 min dollar ödəməsi tələb edilir.
Məhkəməyə gəlincə, hakim Elçin Qurbanov prosesi dekabrın 10-na təyin edib.