Kabildə şiə məscidinə silahlı hücum edilib.
Rəsmilərin məlumatına görə, hücum nəticəsində azı 20 nəfər ölüb, 40-da çox adam yaralanıb. Hücumun məsuliyyətini "İslam Dövləti" qrupu üzərinə götürüb.
Əfqanıstan daxili işlər nazirliyinin nümayəndəsi Nacib Daniş "İmam Zaman" məscidinə hücum edildiyini bildirib.
Kabil polisinin sözlərinə görə, intiharçı özünü məscidin içərisində partladıb.
Adı çəkilməyən polis əməkdaşı isə əvvəlcə atışma, sonra isə partlayış olduğunu deyir.
Şahidlər isə hücum edənlərin əvvəlcə məscidə bir neçə əl qumbarası atdıqlarını, sonra isə içəri girdiklərini deyib.
3 qadın və bir neçə uşağın yaralılar arasında olduğu bildirilir.
Hadisə ABŞ prezidenti Donald Trampın Əfqanıstanla bağlı siyaətini açıqlamasından bir neçə güm sonraya təsadüf edir.
Donald Tramp ABŞ-ın Əfqanıstandakı maraqlarının üç mühüm məqamını qeyd edib.
İlk növbədə, Tramp bildirib ki, “ABŞ bu günə qədər verdiyi qurbanlara layiq olacaq şərəfli və etibarlı bir nəticə əldə etməlidir.”
İkincisi, “Əfqanıstandan tez çıxmağın nəticələri proqnozlaşdırılan və yolverilməzdir. Tələsik çıxış nəticəsində regionda yaranacaq boşluq tezliklə İŞİD, Əl-Qaida və digər terrorist qruplar tərəfindən doldurulacaq. Necə ki, eyni şey 2001-ci ilin 11 sentyabrına qədər baş vermişdi.”
Üçüncüsü isə, prezidentin sözlərinə görə, o, “ABŞ-ın Əfqanıstanda və regionda qarşılaşdığı təhlükəsizliklə bağlı hədələrin nəhəng olduğu” qənaətinə gəlib.
Donald Tramp Pakistanı da tənqid edərək, ölkənin terrorist təşkilatlar üçün sığınacaq olduğunu bildirib. Prezident bildirib ki, “Pakistan Əfqanıstanda ABŞ-la əməkdaşlığından çox şey əldə edə bilər, amma terroristlərə sığınacaq təqdim etməyə davam etdiyi halda, çox şeyi itirə bilər.”