Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bu gün səhər tezdən Kabildə baş verən güclü partlayış azı 8 nəfərin ölümünə, 100-dən çoxunun yaralanmasına səbəb olub. Məlumatda bombanın hökumət binalarının yerləşdiyi ərazi yaxınlığında, insanların sıx yaşadığı bölgədə partladıldığı, qurbanlardan çoxunun qadın və uşaq olduğu deyilir. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.
Bugünkü hücum Kabilin cənubunda intiharçının yük maşınında həyata keçirdiyi və azı 6 nəfərin ölümü ilə nəticələnən bomba hücumundan bir gün sonraya təsadüf edir. Bu, Taliban lideri Molla Ömərin ölümü ilə bağlı məlumatın təsdiq edilməsindən sonra qrupun ilk böyük hücumu idi.
Cümə axşamı Logar vilayətinin paytaxtı Puli-Alamdakı genişmiqyaslı partlayış zamanı 3 polis işçisi, 3 mülki vətəndaş həlak olub, onlarla insan yaralanıb.
Əfqanıstan rəsmiləri cümə axşamı ölkənin cənub bölgəsində hərbi vertolyotun qəzaya uğradığını, nəticədə 17 əsgərin öldüyünü bildirib.