Kaftan, bəlkə də moda tarixinin ən ənənəvi və davamlı geyimlərindən biridir. Onun qədim Mesopotamiyada meydana gəldiyi, minlərlə il ərzində bir çox mədəniyyət tərəfindən inkişaf etdirildiyi və uyğunlaşdırıldığı güman edilir.
Bu universal paltar hələ də cazibədardır və moda mütəxəssislərinin fikrincə son zamanlar yenidən dəbə girir. O rahat, universal və çox populyardır. Sərbəst tərzi və rahat xətləri olan kaftan min illərdir geyinilir. Bu yaxınlarda kaftana təəccüblü bir maraq oyanıb.
1977-ci ildən bəri kaftan tikən yüksək səviyyəli moda şirkəti Natori-nin satışlarında bir sıçrayış olub. "COVID-in başlanmasından bu günə qədər keçən ilin eyni dövrü ilə müqayisədə natori.com-da kaftan satışlarımız 150 faiz artıb. Son beş ildə kaftan satışında böyük bir canlanma var. Onları moda nümayişləri zamanı görürsən, körkəmli xadimlər, aktrisalar geyinir. Onlar bu paltarı reklam edir" - deyə, Natori-nin prezidenti Ken Natori bildirir.
Qədim Mesopotamiyada yaranan kaftanı ilk dəfə yüksək səviyyəli insanlar geyinərmiş. Ancaq zaman keçdikcə dünyanın bir çox mədəniyyətində bu paltarı yalnız qadınlar geyinməyə başlayıb. Kaftan sadə pambıq parçalardan tutmuş, muncuq və naxışlarla bəzədilmiş ipək və atlasa qədər daha mükəmməl dizaynlarla dəyişib.
Mərakeşdə bu məşhur paltarı ənənəni müasir üslubla birləşdirmək istəyən qadınlar geyinir.
Mərakeş şəhərində hər il keçirilən `Kaftan Şouda` müxtəlif sənətkarların göz qamaşdıran kaftanları nümayiş etdirilir. Dizayner Deni Atraç "Burada əsrlər boyu hazırlanan ənənəvi bir geyim haqqında danışırıq. Lakin müasir kimi görünür. Bu mükəmməllik səviyyəsinə çatmaq asan olmayıb."
Bu şouda nümayiş etdirilən hər bir kaftan dizaynerin nəzarəti altında onlarla sənətkarın üzərində saatlarla işlədiyin bənzərsiz sənət əsəridir. Dizayner Xədicə Əl-Hucoci "Mən kaftanın orijinallığını qoruyanlardan biriyəm, çünki bu bizim irsimizdir və uşaqlarımız bunu necə geyinməyi bilməlidir. Paltar paltardır, lakin bir kaftan olduğu kimi qalmalıdır."
Mərakeş kaftanı yalnız dəbli bir geyim deyil. Bu həm də ölkənin əl işlərinin ixracatına yardım edir və minlərlə insanın işlə təmin edilməsinə, Mərakeş iqtisadiyyatına çox yardım edir.
Avropada və ABŞ-da da həm keçmiş, həm də indiki məşhurları ictimaiyyət qarşısında kaftanda görmək olub.