Accessibility links

Kanadadakı hücumu bir nəfərin həyata keçirdiyi məlum olub


Kanada Parlamentinə silahlı hücum və nəticədə bir əsgərin ölümünə sabəb olan kanadalı şəxsin anası oğlunun etdiyi əməli izah edəcək heç bir sözü olmadığını bildirib.

Rəsmilər əslən Monrealdan olan şəxsin paytaxtdakı atışmanı həyata keçirən və mühafizəçi tərəfindən öldürülən tək silahlı şəxsin olduğunu müəyyən ediblər. Süzan Bibo göndərdiyi elektron məktubda oğluna qəzəbli olduğunu bildirib.

Dünən Kanadanın Kral Piyada Polisi bildirib ki, Zihaf-Bibo bu ayın əvvəli Vankuverdən Ottavaya pasportu ilə əlaqəli problemi həll etmək üçün gəlib. Polis onun Suriyaya səhayət etmək istədiyini və radikal inanclarının ola biləcəyini bildirib. Polisin yaydığı videoda görünür ki, Ottavanın mərkəzində yerləşən Milli Müharibə Memorialında ehtiyyatda olan hərbçini güllə ilə vurduqdan sonra silahlı şəxs parlamentin önündə maşınını saxlayıb. Qara qiyafədəki şəxs maşından çıxaraq əlində silahla binaya tərəf qaçıb. Ətrafındakı insanlar silahlı şəxsin yolunu boşaldıblar.

Parlementin mühafizəçisi Zihaf-Bibonu ölümcül vurub. Millət vəkilləri kabinetlərdə gizləniblər, baş nazir Stefen Harper isə təhlükəsiz bir yerə aparılıb.

Əvvəlki məlumatlarda silahlı şəxsin yanında başqalarının olduğuna dair məlumatların olmasına baxmayaraq, rəsmilər artıq parlamentə hücum edən şəxsin tək başına hərəkət etdiyinə inanırlar.

Bu gün parlament üzvləri Zihaf-Bibonu öldürən silahlı serjant Kevin Vikersi ayaq üstə alqışlayıblar.

Dünən cənab Harper mühafizəni və Kanada təhlükəsizlik qüvvələrinin həbs səlahiyyətlərini gücləndirməyə söz verib.

O bildirib ki, hücumların kanadalılar arasında təşviş yaradacağını nəzərə alır, lakin o, ölkəsinin qorxmaz olduğunu bildirib.

“Biz qorxmayacağıq. Biz diqqətli olacağıq, amma qaçıb gizlənməyəcəyik. Biz tədbirli olacağıq, ancaq təşvişə düşməyəcəyik” – deyə o, bildirib

Rəsmilər tərəfindən Ottavadakı silahlı basqının Monrealda bir əsgərin öldürülməsi ilə əlaqəsi olduğuna dair heç bir açıqlama yoxdur.

Baş nazir tərəfindən radikallaşmış və müsəlmanlığı qəbul edən birisi kimi müəyyən edilən şəxs Monrealın 40 kilometr cənub-şərqində yerləşən Sent-Jan-sür-Rişelyö vilayətində iki əsgərin üzərinə maşın sürüb və nəticədə bir əsgər həlak olub.

XS
SM
MD
LG