Accessibility links

Tomas de Vaalın yeni "Qafqaz" kitabının təqdimatı keçirildi


Tomas de Vaalın yeni "Qafqaz" kitabının təqdimatı keçirildi
Tomas de Vaalın yeni "Qafqaz" kitabının təqdimatı keçirildi

Müəllif Cənubi Qafqazda problemlərin həlli yolu kimi azad iqtisadi zonanın təsis olunmasını tövsiyə etdi. Onun sözlərinə görə əlac yolu kiçik bizneslərin inkişafında və sərhəd regionunda bazarların və əmtəə mübadiləsinin gücləndirilməsindədir. Cənab de Vaal bildirdi ki, bütün region boyu nəqliyyat xətləri açılmalıdır, şlaqbaumlar və yoxlama məntəqələri yığışdırılmalıdır. Habelə regionda Türkiyə və İranın ticari fəallığı da həvəsləndirilməlidir ki, bütün bu faktorlar Cənubi Qafqazın dinamik inkişafına xidmət edəcək:

Sentyabrın 13-də Karnegi Beynəlxalq Sülh Fondunda Tomas de Vaalın "Qafqaz: Təqdimat" adlı kitabının açılışı keçirildi. Tədbirdə çıxış edən cənab de Vaal kitabın məqsədinin bir çoxları üçün qeyri-tanış regionu Qərb auditoriyasına tarixi-geosiyasi perspektivdən təqdim etmək olduğunu söylədi. Müəllif qeyd etdi ki, çoxsaylı münaqişələrə səhnə olan bu regionda problemlərin həlli Cənubi Qafqaz – onun keçmişi və indisi haqda düzgün təsəvvürə sahib olmaqdan və eyni zamanda mövcud miflərin aradan qalxmasından keçir.

Tomas de Vaal öz kitabında region haqda meydana çıxan üç mifi dağıtmağa çalışdiğini qeyd etdi. Birinci mif olaraq o, Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən yaradılmış süni coğrafi məkan olduğu haqda fikirlərə diqqət çəkdi. Müəllif bildirdi ki, coğrafi, tarixi, siyasi, mədəni baxımdan Cənubi Qafqaz xalqları xeyli oxşar cəhətlər bölüşürlər. Bu ölkələr özünəməxsus siyasi mədəniyyətə malikdirlər ki, burada dünyəviçilik, avropalaşma ilə yanaşı avtoritarizmə meyl müşahidə olunur. Cənab de Vaal Cənubi Qafqaza bütövlükdə bir region kmi baxılmalı olduğunu deyərək regionun problemlərini də məhz bu kontekstdə düzgün dəyərləndirməyin mümkün olduğunu qeyd etdi:

“Başlıcası budur ki, 21-ci əsrin Qafqazı öz mürəkkəbliyi və fərqliliyi ilə hələ də Qafqazdır. O, Rusiyanın, Türkiyənin və ya İranın müstəmləkəsi deyil. Azərbaycan, gürcü və erməni millətləri əsrlər boyu xarici dövlətlərin müdaxiləsini dəf etmiş və assimilyasiyaya qarşı müqavimət göstərmişlər.”

İkinci mif haqda danışarkən cənab de Vaal Rusiyanın regionda həlledici qüvvəyə malik olması haqda təsəvvürlə razılaşmadığını qeyd etdi. O, hesab edir ki, xarici dövlətlərin, ələlxüsus Rusiyanın regionda təsiri həddən artıq şişirdilib. Düzdür, tarixən Azərbaycan, Ermənistan və Gürcüstan öz təhlükəsizliklərini təmin etmək üçün böyük qüdrətlərə üz tutublar. Lakin unutmaq olmaz ki, Rusiya Şimali Qafqazda böyük problemlərlə üzləşir və Cənubi Qafqazda etnik rus əhalisinin sayı iki faizi ötmür. Müstəqil dövlətçilik ənənələrinin mövcud olduğu Cənubi Qafqazda Rusiyanın təsir imkanları göründüyündən xeyli məhduddur.

Tomas de Vaalın fikrincə, üçüncü mif Cənubi Qafqazın strateji baxımdan Qərb üçün çox mühüm əhəmiyyət kəsb etməsi ideyasıdır. Azərbaycanda xarici şirkətlərin neft hasilatına başlaması, ABŞ-da erməni lobbisi və Buş administrasiyası dönəmində Gürcüstanda demokratizasiya layihəsinin gündəmə gəlməsi regionun Qərb üçün strateji önəmə malik olması haqda söz-söhbətə yol açdı. Lakin fakt budur ki, Azərbaycanın neft resursları başqa Yaxın Şərq dövlətləri ilə müqayisədə xeyli azdır. Ermənistan və Gürcüstanın iqtisadi potensialları və coğrafi miqyasları isə onlara regional geo-siyasətdə aparıcı rol oynamaq imkanı vermir. Cənab de Vaalın fikrincə Cənubi Qafqazın strateji çəkisinin düzgün dəyərləndirilməsi daha çox bu ölkələrin mənafeyinə xidmət etmiş olar və onların öz problemlərinə daha çox ciddiliklə yanaşmalarına stimul yaradar.

Müəllif Cənubi Qafqazda problemlərin həlli yolu kimi azad iqtisadi zonanın təsis olunmasını tövsiyə etdi. Onun sözlərinə görə əlac yolu kiçik bizneslərin inkişafında və sərhəd regionunda bazarların və əmtəə mübadiləsinin gücləndirilməsindədir. Cənab de Vaal bildirdi ki, bütün region boyu nəqliyyat xətləri açılmalıdır, şlaqbaumlar və yoxlama məntəqələri yığışdırılmalıdır. Habelə regionda Türkiyə və İranın ticari fəallığı da həvəsləndirilməlidir ki, bütün bu faktorlar Cənubi Qafqazın dinamik inkişafına xidmət edəcək:

“Cənubi Qafqazı beş istiqamətdə - Rusiya, Xəzər Dənizi, Türkiyə, İran və Qara Dəniz istiqamətində parlayan azad iqtisadi zona və komunikasiya mərkəzi kimi təsəvvürünzə gətirin. Rusiya, Abxaziya, Ermənistan, Naxçıvan, İran istiqamətində dəmiryolu nəqliyyatının yenidən bərpa olunduğu gün Cənubi Qafqazın həqiqi perspektivə malik regiona çevriləcəyi gün olacaq.”

Tomas de Vaal Cənubi Qafqazda sülh və əmin-amanlıq arzulayan Qərb rəsmilərini bütün addımlarında başlıca olaraq sərhədlərin açılmasını ümdə məqsəd kimi qarşıya qoymağa çağırdı. Müəllif həmçinin hökumətlərlə təmaslardansa birbaşa vətəndaşlarla işləməyin, xalqlarla ünsiyyət qurmağın vacibliyini vurğuladı.

Qeyd edək ki, "Qafqaz:Təqdimat" Tomas de Vallın üçünçü kitabıdır. Buna qədər britaniyalı jurnalist Ermənistan və Azərbaycandan bəhs edən "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" (Black Garden: Armenia and Azerbaijan Through Peace and War), "Çeçenistan: Qafqaz fəlakəti / Chechnya: Calamity in the Caucasus" adlı kitabları yazıb.

XS
SM
MD
LG