Accessibility links

İspaniya hökuməti və ölkənin əsas müxalifət partiyası razılıq əldə edib


İspaniya hökuməti və ölkənin əsas müxalifət partiyası yanvar ayında Kataloniyada seçkilər keçirilməsi barədə razılıq əldə edib.

Bu yolla ölkədəki siyasi böhranın həll edilməsinə çalışılır.

Razılıq İspaniya ilə Kataloniya fəalları arasında gərginlikləri daha da dərinləşdirə bilər.

Kataloniya hökuməti yeni seçkilərin əleyhinədir.

İspaniya hakimiyyəti şənbə günündən Kataloniyanın muxtariyyətini dayandıra bilər.

Bunu İspaniya hökumətinin sözçüsü İniqo Mendez De Viqo bəyan edib.

İspaniya hakimiyyəti müstəqillikdən əl çəkmək üçün Kataloniya lideri Çarlz Piqdemonta oktyabrın 19-u yerli vaxtla səhər saat 10-dək möhlət vermişdi.

Piqdemont isə buna cavab olaraq ultimatumun bitməsinə bir neçə dəqiqə qalmış bəyan edib ki, əgər İspaniya hökuməti Kataloniya ilə danışıqlara başlamasa, regional parlament rəsmən İspaniyadan ayrılmağa səs verə bilər.

“Əgər hökumət dialoqa mane olsa və repressiyaları davam etdirsə, Kataloniya parlamenti münasib sayılsa rəsmi müstəqillik bəyannaməsinə səs verə bilər” Piqdemont İspaniyanın baş naziri Marian Rajoya ünvanladığı məktubda bildirib.

Kataloniya lideri oktyabrın 1-də keçirilən müstəqillik referendumundan sonra müstəqillik bəyannaməsi imzalayıb, amma onun icrasını saxlayıb və Madridi danışıqlara çağırıb.

İspaniya Kataloniyada keçirilən referendumu qanunsuz sayır.

İspaniyanın baş naziri şənbə günü kabinetinin xüsisi sessiyasında Kataloniyanın qismən və ya bötövlüklə hökumətin nəzarətinə keçməsinə dair müzakirələr keçiriləcəyini bildirib.

Kataloniyadakı müstəqil vətəndaş təşkilatları isə oktyabrın 20-də tərəfdarlarını Kataloniyadakı 5 əsas bankdan nağd pul çıxarmağa çağırır.

Onlar bununla “La Kaisa” və “Sabadell” banklarının öz əsas qərərgahlarını Kataloniyadan çıxarmaq qərarına etiraz edirlər.

Aksiyanın məqsədi həm də “Kataloniya Milli Konqresi” və “Omnium” təşkilatlatlarının liderlərinin həbsinə etiraz etməkdir.

XS
SM
MD
LG