Human Rights Watch təşkilatı Qazaxıstan hakimiyyətini bu ayın əvvəlində keçmiş Sovet respublikasının ən böyük şəhəri Almatıda baş vermiş iğtişaşlar zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının mülki şəxslərə atəş açmalarını hərtərəfli araşdırmağa çağırıb.
“Təhlükəsizlik qüvvələrinin heç bir açıq-aydın əsas olmadan atəş açdığını və ən azı 10 nəfəri öldürdüyünü göstərən kifayət qədər dəlil var."
HRW-nin münaqişə və böhran üzrə tədqiqatçısı Conatan Pedno yanvarın 26-da verdiyi açıqlamada bildirib ki, zorakı repressiya nəticəsində ölənlərin sayı çox güman ki, daha çoxdur və operativ və effektiv araşdırma tələb edir.
Orta Asiya ölkəsinin qərbində, Mangistauda yanacağın qiymətinin artırılması ilə bağlı keçirilən dinc etiraz bütün ölkədə hökumət əleyhinə kütləvi etirazlara səbəb olmuş və Almatıda ölümcül atışmalarla başa çatmışdı.
Etirazlar zamanı Qazaxıstan hakimiyyəti interneti kəsib və mobil telefon əməliyyatlarını beş gün müddətinə məhdudlaşdırmışdı.
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev hüquq müdafiəçiləri və müstəqil jurnalistləri ölkənin müxtəlif şəhərlərində bir neçə müxbirin həbsinə səbəb olan etirazları “təhrik etməkdə” günahlandırıb.
Tokayev etirazlardan sonra “xarici terror düşərgələrində təlim keçmiş 20 min ekstremistin” Almatıya hücum etdiyini bildirib, lakin o, bu iddianı dəstəkləyən heç bir sübut təqdim etməyib. İğtişaşlar genişləndikcə Tokayev Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəmişdi.
Tokayev daha sonra açıq şəkildə bildirmişdi ki, o, təhlükəsizlik qüvvələrinə “xəbərdarlıq etmədən öldürmək üçün atəş açmağı” əmr edib.
Qazaxıstan hakimiyyəti ölkə üzrə 227 nəfərin, o cümlədən 19 hüquq-mühafizə orqanının əməkdaşının öldürüldüyünü bildirsə də, insan haqları qrupları iğtişaşlar zamanı həlak olanların dəqiq sayının bundan çox ola biləcəyini bildirir.
“İddia edilən pozuntuların ağırlığı fonunda Qazaxıstanın beynəlxalq tərəfdaşları, o cümlədən BMT, Qazaxıstanın üzvü olduğu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı Qazaxıstan hökumətinə təzyiq göstərməlidir ki, bu, tam məsuliyyəti təmin etmək üçün təhlükəsizlik qüvvələrinin yanvar hadisələrinə reaksiyasının müstəqil və qərəzsiz araşdırılmasına gətirib çıxarsın” - deyə, HRW-nin bəyanatında deyilir.