Ermənistan prezidenti Serj Sarkisyan və onun azərbaycanlı həmkarı İlham Əliyev bu gün Kazan şəhərində Rusiya prezidenti Dmitri Medvedevin ev sahibliyi etdiyi yığıncaqda razılıq əldə edə bilməsələr də sammit zamanı müəyyən tərəqqiyə nail olunduğunu deyiblər. Rusiyanın Kazan şəhərində keçirilən görüşdə Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsipləri barədə razılıq əldə edə bilməyiblər. Güman olunan belə bir razılığın Dağlıq Qarabağ münaqişəsinin bir dəfəlik həllinə zəmin hazırlayacağı gözlənilirdi. İki lider Rusiya prezidenti Dimitri Medvedevin vasitəçiliyi ilə keçirilən görüşdən sonra bildiriblər ki, onlar baza prinsiplərinin imzalanmasına zəmin hazırlayacaq bir neçə məsələdə "qarşılıqlı anlayış"a nail olublar.
Birləşmiş Ştatlar prezidenti Barak Obama dünən hər iki liderə zəng edərək, təkidlə onları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar baza prinsiplərində razılığa gəlməyə çağırmışdı. Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə 1994-cü ildə beynəlxalq icmanın vasitəçiliyi nəticəsində atəşkəs barədə razılığa gəlinsə də, o zamandan indiyə qədər davam edən danışıqlarda hələ də məsələnin bir dəfəlik əhatəli həlli yolunda heç bir razılıq əldə olunmayıb.
Bu arada Rusiyanın Xarici İşlər Nazirliyi də verdiyi bəyənatda bir razılığın əldə edilməsinə çağırmışdı.