Aprelin 22-23-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Belçika və Niderlandda səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfərin ilk günü Heydərov Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen ilə görüşüb.
Daha sonra Heydərov Hagestein şəhəri yaxınlığındakı şlüz və sədd kompleksi ilə tanış olub.
Növbəti gün Heydərov Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında rəsmi səfərdə olub, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Ceyms Appaturay, təşkilatın Baş katibinin Əməliyyatlar üzrə müavini Stefen Evans və Baş katibin birinci müavini Aleksandr Verşbou ilə görüşlər keçirib.
Görüşlərdə ikitərəfli münasibətlərin və NATO qurumları ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
NATO tərəfi Azərbaycanın bu qurumun güclü və etibarlı tərəfdaşı olduğunu bildirib, təşkilatın müvafiq strukturları ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin hazırki səviyyəsindən məmnunluq ifadə edilib, xüsusilə NATO-nun Avro-Atlantika Fəlakətlərə Cavabvermə Mərkəzinə könüllü milli töhfə qismində nazirliyin əməkdaşlarının daimi ezam olunmasını yüksək qiymətləndirib.
Nazir Heydərov Mülki-Fövqəladə Planlama strukturları çərçivəsində NATO ilə əməkdaşlığın Fövqəladə Hallar Nazirliyi üçün əhəmiyyətini qeyd edib, bu əməkdaşlıqdan qazanılmış təcrübənin Azərbaycan tərəfi üçün mühüm olduğunu diqqətə çatdırıb.