Accessibility links

‘Eşqimiz öz dilimiz’ deyən Təbriz cümə imamının məqsədi nədir? [Audio-Müsahibə]


Kərim Əsgəri

İran Azərbaycanında türk dil haqları müdafiəçilərinin bir çoxu nəzarət altına alınıb və bəzən ağır həbs cəzalarına məhkum edilərkən, bəzi siyasətçilər də ana dilinin tədrisinə dair vədlər verib və hətta türk dilini sevdiklərini bəyan edirlər. Siyasi ekspert Kərim Əsgəri Amerikanın Səsinə müsahibədə bu ziddiyyətli vəziyyətlə əlaqədar öz şərhlərini paylaşıb.

Kərim Əsgəri Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:43 0:00

Türklər öz milli hədəfləri yönündə etirazlara qoşulub ya başqa etiraz aksiyaları başlada bilərlər. Bu durumda, Ali-Haşim kimi insanların az da olsa toplumda öz tərəfdarları arasında nüfuz və təsirlərindən istifadə edə bilərlər.

Kərim Əsgəri siyasətçilər və din xadimlərinin türkcə və türkcənin tədrisinə dair göstərdikləri diqqətin həm müxtəlif qrupların arasındakı siyasi rəqabətlə, həm də İslam Respublikasının yaşadığı böhranlarla əlaqədar olduğunu önə çəkir.

Keçən həftələrdə İran təhsil naziri bəzi bölgələrdə müəllimlərin sinifdə ‘yerli dillərdə’ danışmasını təhlükəli hesab edib və fars dilini İranın birlik rəmzi olaraq qiymətləndirmişdi.

Nazirin ifadələrinə qeyri-fars bölgələrdən sərt təpkilər gəldi.

Təpki göstərənlərin biri Təbrizin yeni cümə imamı və ali ruhani liderin Şərqi Azərbaycan vilayətindəki təmsilçisi Seyyid Məhəmmədəli Ali-Haşim idi. Onun “eşqimiz öz dilimiz” ifadəsi daha sonra yüzlər sosial media istifadəçisinin paylaşımlarına hashtag oldu.

Ali-Haşim və digər mühafizəkar siyasətçilərin təpkilərini dəyərləndirən Kərim Əsgəri deyir, “məncə, bu etirazların bir səbəbi İranın yaşadığı siyasi böhranlar və problemlərə dayanır. İkincisi də bu ki, hər nə olur olsun, bu məsullar özləri də türkdür. Nazirin bu ifadələri istər-istəməz onlar üçün də təhqir sayılır.”

O həmçinin mühafizəkar və islahatçı/mötədil qruplar arasında siyasi rəqabəti də bu təpkilərin arxa planında olan önəmli bir parametr kimi hesab edir:

Seyyid Məmmədəli Ali-Haşim
Seyyid Məmmədəli Ali-Haşim

“Təbrizin cümə imamı ya mühafizəkar millət vəkilləri bu etirazları ilə mütləq siyasi hədəflər də güdürlər. Gələcək seçkilərdə deyəcəklər ki, bəli, biz bu təhqirlərə etiraz etdik... Həsən Ruhani də prezident seçkilərinin hər iki dövründə, Azərbaycana gedəndə, türkcənin tədris olunacağına dair vəd verdi və dedi ki, türklərin bundan sonra bu mövzu ilə bağlı problemləri qalmayacaq. Amma əməldə heç bir müsbət addım atılmadı və hətta dediklərinin əksini etdilər.”

Məncə, bu etirazların bir səbəbi İranın yaşadığı siyasi böhranlar və problemlərə dayanır. İkincisi də bu ki, hər nə olur olsun, bu məsullar özləri də türkdür. Nazirin bu ifadələri istər istəməz onlar üçün də təhqir sayılır.

Seyyid Məhəmmədəli Ali-Haşim 2017-ci ilin may ayında Mühsin Müctəhid Şəbistərinin yerinə Təbrizin cümə imamı və İslam Respublikasının rəhbəri Seyyid Əli Xameneyinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi təyin olunub.

Keçən bir ilin ərzində Ali-Haşim Təbriz qəzetlərində “əhalinin sevdiyi cümə imamı” kimi təqdim olunur.

Kərim Əsgərinin dediklərinə görə, Ali-Haşim sabiq cümə Müctəhid Şəbistəriyə görə, özünü daha çox əhaliyə sevdirməyə çalışır:

“Cənab Ali-Haşim misal üçün çörək növbəsinə durur və çörəyini alır. Ya avtobusa minir və biletini verir. Dağa gedir. İstəyir ki, özünü xalqdan biri kimi göstərsin. Bunlar [mediada] yayımlanır... Fikrimcə, İran rəsmiləri də çalışırlar ki, Ali-Haşimin ağzından bəzi sözlər deyilsin.”

Siyasi şərhçi əlavə edir ki, “keçən dekabr və yanvar ayından bəri İranda etiraz aksiyaları var. Sabitsizlik var... Türklər hələ bu etirazlara qoşulmayıblar, amma bu onların bundan sonra qoşulmayacaqları anlamına gəlməz. Türklər öz milli hədəfləri yönündə etirazlara qoşulub, ya başqa etiraz aksiyaları başlada bilərlər... Bu durumda, Ali-Haşim kimi insanların az da olsa toplumda öz tərəfdarları arasında nüfuz və təsirlərindən istifadə edə bilərlər.”

XS
SM
MD
LG