Accessibility links

‘Yerli dilləri’ təhlükəli hesab edən İran təhsil nazirinə geniş təpki var


Təhsil naziri Seyyid Məhəmməd Bəthayi

İran təhsil nazirinin bəzi bölgələrdə müəllimlərin sinifdə ‘yerli dillərdə’ danışmasının təhlükəli olduğunu bildirib, onun fars dilini İranın birlik rəmzi hesab etməsi isə qeyri-fars bölgələrdə geniş təpki yaradıb.

Seyyid Məhəmməd Bəthayinin bu sözləri İsfahanda bir iclasda dilə gətirməsindən bir neçə gün keçsə də, sosial media ve yerli internet portallarında gündəmə gələn təpkilər artaraq davam edir.

Nazirin açıqlamaları yarı-rəsmi “Fars” agentliyi tərəfindən yayılıb.

“Bəzi bölgələrdə görünür ki, müəllimlər yerli dillərdə tədris edirlər. Bu çox təhlükəli bir məsələdir. Çünki şagirdlər yerli dili ailədə öyrənir. Məktəbdə ölkəmizin birlik rəmzi olan fars dili öyrədilməlidir.”

İran Azərbaycanında türk dil haqları fəalları "türk dilli məktəblərin açılması" və "türkcənin rəsmi dil olmasını" tələb edirlər.
İran Azərbaycanında türk dil haqları fəalları "türk dilli məktəblərin açılması" və "türkcənin rəsmi dil olmasını" tələb edirlər.

İran Azərbaycanında sosial media istifadəçiləri və türk dil haqları fəallarının təhsil nazirinin ifadələrinə göstərdikləri geniş təpki ardından, Təbriz və Urmiyədə fəaliyyət göstərən Nasr News və Yol Press kimi internet portallarına istinadən, bəzi yerli məsullar da nazirin sözlərini tənqid ediblər.

Qeyri-fars bölgələrdə çalışan müəllimlər də sosial media vasitəsilə təhsil nazirinə etirazlarını bildirirlər.

Leyla adlı müəllim Twitter səhifəsində yazıb: “20 ildir sinifdə tədrisi türk dilində edirəm. Bundan sonrakı 10 ildə də belə edəcəyəm. Cənab nazir bu türk dilini təhlükəli hesab edir. Mənim üçün önəmli deyil.”

Türk dil haqları faəlları “yerli dil” ifadəsinə də etiraz edirlər. “Türkcə yerli deyil, bizim milli dilimizdir,” deyə Möhsün Səadət adlı digər bir istifadəçi yazıb.

Bəzi qeyri-müsəlman dini azlıqlara məxsus məktəblər istisna olmaqla, İran məktəblərində istifadə edilən bütün dərsliklər fars dilindədir. Amma qeyri-fars bölgələrdə çalışan bir çox müəllim şagirdlərə dərsi daha yaxşı anlatmaq məqsədilə bəzi hallarda türk, ərəb, kürd, türkmən və bəluç dili kimi qeyri-fars dillərdən də istifadə edirlər.

XS
SM
MD
LG