Accessibility links

ABŞ kəşfiyyatı: Putin Amerika seçkilərinin nəticələrinə təsir göstərməyə çalışıb


Milli Kəşfiyyat direktoru Ceyms Klapper
Milli Kəşfiyyat direktoru Ceyms Klapper

Amerika kəşfiyyatının xüsusi hesabatında Rusiya prezidenti Vladimir Putinin 2016-cı il ABŞ prezident seçkilərini pozmağa və Donald Trampın seçilməsinə kömək etmək məqsədilə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu presedenti olmayan bir şəkildə etibardan salmağa çalışdığı deyilir.

"Rusiyanın məqsədləri ABŞ-da demokratik prosesə ictimai inamı azaltmaq, dövlət katibi Klintonu ləkələmək və onun seçilməsinə mane olmaq olub"-deyə hesabatda bildirilir.

Kəşfiyyat agentliklərinin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair xüsusi hesabatı
Kəşfiyyat agentliklərinin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair xüsusi hesabatı

"Bizim verdiyimiz qiymətləndirməyə görə, Putin və Rusiya hökuməti prezident seçilmiş Trampa aydın şəkildə üstünlük verib. Putin və Rusiya hökuməti prezident seçilmiş Trampın seçki şanslarına mümkün olduğu qədər kömək etməyə çalışıb"-deyə hesabatda qeyd edilir.

Rusiyanın məqsədləri ABŞda demokratik prosesə ictimai inamı azaltmaq, dövlət katibi Klintonu ləkələmək və onun seçilməsinə mane olmaqdan ibarət olub.
ABŞ kəşfiyyatı

ABŞ kəşfiyyat agentliklərinin xüsusi hesabatı cümə günü prezident seçilmiş Donald Trampın kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşündən sonra açıqlanıb.

Hesabatda Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Federal Təhqiqatlar Bürosu (FBI) çıxarılan nəticələrə "yüksək etibar" göstərdiyini bildirib. Kəşfiyyatın üçüncü qolu olan Milli Təhlükəsizlik Agentliyi isə hesabatın nəticələri ilə razı olsa da, tapıntılara "orta etibar" göstərdiyini bildirib.

Tramp cümə günü Tvitter səhifəsində hakerliyə görə demokratları günahlandırıb.

"Demokratların Milli Komitəsinin səhlənkarlığı nəticəsində hakerliyə imkan yaranıb"-deyə o, Tvitterdə yazıb.

"Respublikaçıların Milli Komitəsinin güclü müdafiəsi olub"-deyə o davam sözünə davam edib.

Tramp şənbə günü Tvitterdə tənqidlərini daha iki yazıda davam etdirərək, hakerlik nəticəsində səslərin dəyişdirilmədiyini qeyd edib və demokratları seçkidə məğlubiyyətə görə "tamamilə çaşqın olduqlarını" deyib.

"Kəşfiyyat qəti şəkildə bəyan edib ki, hakerliyin seçkinin nəticələrinə təsiri olduğuna dair heç bir dəlil yoxdur. Səsvermə maşınlarına toxunulmayıb"-deyə Tramp Tvitterdə bildirib.

"Çox zəif müdafiə olunan Demokratların Milli Komitəsində (DNC) hakerliyin müzakirə edilməsinin yeganə səbəbi onunla əlaqədardır ki, demokratlar üçün məğlubiyyət o qədər böyükdür ki, onlar tamamilə çaşıb qalıblar!"-deyə o Tvitterdə fikrini bu sözlərlə bitirib.

Kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşdən sonra açıqlama verən Tramp müzakirələrin konstruktiv xarakter daşıdığını deyib. Lakin açıqladığı bəyanatda o, Rusiya, ya da başqa ölkələr tərəfindən ABŞ seçkilərinə müdaxilə səylərinin seçkinin nəticələrinə heç bir təsiri olmadığı haqda mövqeyində qaldığını bildirib.

XS
SM
MD
LG