ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi dekabrın 11-də ADA Universitetində Azərbaycan Biznes Keys müsabiqəsinin final mərhələsini keçirib. Bu il müsabiqə SOCAR AQŞ, British American Tobacco (BAT), Azercell, BP, Engin LTD, Procter & Gamble, Deloitte, EY, Gravity şirkətlərinin sponsorluğu, ABŞ Səfirliyi və ADA Universitetinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Azərbaycan Biznes Keys müsabiqəsi universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes müsabiqələrindən biridir. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilib.
Bütün komandalar beş həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçib. Bununla yanaşı, komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak etmişdilər. Müsabiqədə iştiraka 7 ali məktəbdən, - ADA, Qafqaz, Azərbaycan Dövlət İqtisad, Xəzər və Azərbaycan Universitetləri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Ali Neft Məktəbini təmsil edən 27 komanda qoşulsa da, onlardan yalnız 14-ü yarımfinal mərhələsinə çıxmağa nail olub, 4 komanda isə final mərhələsinə çıxıb. Müsabiqənin qalibləri ADA Universitetinin tələbələri Aida Orucova, Fəridə Əsgərova, Leyla Hüseynzadə və Nərminə Bəylərova 6 min manat pul mükafatı qazanıb.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Azərbaycanda ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və ABŞ Universitetlərinin təqaüd proqramlarının dəstəyi ilə ABŞ-da təhsil almış məzunları birləşdirən qeyri-hökumət təşkilatıdır. Birlik, bütün məzunları toplayaraq, öz bilik və bacarıqları ilə inkişaf edən Azərbaycana kömək etmək məqsədilə 2003-cü ilin oktyabrında yaradılıb.