Accessibility links

Xədicə İsmayılovanın məhkəməsi noyabrın 19-dək təxirə salınıb [Video]


Hakim Xədicə İsmayılova və vəkillərin etirazını dinləməyib

Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılova barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesini noyabrın 19-dək təxirə salıb.

Sədrlik edən hakim İlqar Murğuzov qərarını belə əsaslandırıb ki, jurnalistin ilkin məhkəmə baxışının qərarından bir ay müddətinə kassasiya şikayəti vermək hüququ var. Bu səbəbdən də məhkəmə baxışını təxirə salır.

Hakim bu zaman Xədicə İsmayılovanın və vəkillərin etirazını dinləməyib.

Vəkillər və Xədicə İsmayılova kassasiya şikayəti vermək istəmədiklərini, prosesin davam etdirilməsini istədiklərini deyiblər.

Bugünki məhkəmə iclasından öncə yenə jurnalistlər, diplomatlar və müşahidəçilər 1-ci məhkəmə zalına dəvət edilib. Xədicə İsmayılova səskeçirməz şüşə qəfəsə (akvarium) salındıqdan sonra onlar prosesin keçirildiyi 2-ci məhkəmə zalına buraxılıb. Jurnalistin salındığı şüşə qəfəsin önünü 20-dək nəzarətçi kəsib. Onlar jurnalistin salondakıları görməsinə belə imkan verməyib. Amma məhkəmə iclası başlayan anda İsmayılova şüşə qəfəsdə "Seçkini basırdınız?" yazılmış vərəqi göstərib.

Jurnalist alqışlarla qarşılanıb. İsmayılova şən əhval-ruhiyyədə olub və dəfələrlə "viktoriya" rəmzi ilə zaldakıları salamlayıb.

Bugünki məhkəmə prosesində ilk dəfə olaraq məhkəmə zalının qapısı ağzında avtomatlı konvoy dayanıb.

Xatırladaq ki, X. İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7,5 il müddətində azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunur.

Jurnalist ona qarşı ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

"Amnesty İnternational" jurnalisti "vicdan məhbusu" elan edib. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Fransa Azərbaycanı jurnalisti azad etməyə çağırıb.

XS
SM
MD
LG