Accessibility links

Amnesty İnternational və Human Rights Watch Qazaxıstan hökumətini insan haqlarına hörmət etməyə çağırıb


Amnesty İnternational və Human Rights Watch (HRW) təşkilatları keçən həftə keçmiş Sovet respublikasının böyük şəhəri Almatıda hökumət əleyhinə ölümlə nəticələnən nümayişlər zamanı minlərlə insanı həbs edən Qazaxıstan hakimiyyətini insan haqlarına hörmət etməyə çağırıb.

Qazaxıstan rəsmilərinin bildirdiyinə görə, ölkənin qərbindəki ucqar Mangistau bölgəsində mayeləşdirilmiş neft qazının (LPG) qiymətinin kəskin artması ilə bağlı etirazlar Almatıya qədər yayıldıqdan sonra təxminən 10 min insan həbs edilib.

Təhlükəsizlik qüvvələri küçələrdə polisə hücum edən, hökumət binalarını ələ keçirən və yandıran, dükanları qarət edən bəzi şəxslərə qarşı addımlar atarkən, iğtişaşlar daha da böyüyüb və ölümcül hala gəlib.

Human Rights Watch 2022-ci il yanvarın 13-də dərc etdiyi Dünya Hesabatında bildirib ki, Qazaxıstan hökuməti “ölkədəki böhran zamanı insan haqlarının qorunmasını prioritet hesab edə bilməyib, xəbərdarlıq etmədən atəş açıb öldürmək əmrini təcili olaraq ləğv etməli və həbsdə olanların hüquqlarını müdafiə etməlidir."

"Onlarla, bəlkə də yüzlərlə insanın öldürüldüyü və minlərlə insanın həbsdə olduğu bir vaxt Qazaxıstandakı insan haqları ilə bağlı narahatlıqlar kəskinləşib və bu, təcili olaraq həll edilməlidir" - deyə, Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson bildirib.

Vilyamson “Qlobal diqqət əsasən insan haqlarına hörmət etdiyini göstərməsi üçün Qazaxıstan hakimiyyətinə yönəlib. Qazaxıstan son hadisələrlə bağlı şəffaf olmalı, hökumət qüvvələri tərəfindən sui-istifadə hallarını araşdırmalı və məsuliyyət daşıyanları cəzalandırmalıdır" deyib.

Bir gün əvvəl Amnesty International təşkilatı Qazaxıstandan bu neftlə zəngin Mərkəzi Asiya ölkəsində baş qaldıran etirazlar zamanı və ondan sonra həbs edilən jurnalistləri və fəalları dərhal azad etməyi tələb edib.

Amnesty International beynəlxalq səviyyədə tanınan cinayətlər törətməyən, lakin Qazaxıstanın ictimai toplantılar haqqında mübahisəli qanununu pozduqlarına görə həbs edilən şəxslərin də dərhal azad edilməli olduğunu bildirib.

Insan haqları təşkilatı, həmçinin Qazaxıstan hökumətini polisin dinc nümayişçilərə qarşı odlu silahlardan istifadəsi ilə bağlı ittihamlar da daxil olmaqla, etirazlar zamanı bildirilən bütün insan haqları pozuntularını hərtərəfli və qərəzsiz araşdırmalara çağırıb.

Qazaxıstan hakimiyyəti azı 18 hüquq-mühafizə orqanı işçisinin həlak olduğunu bildirməsinə baxmayaraq, iİğtişaşlar zamanı öldürülən nümayişçilərin dəqiq sayı məlum deyil.

Qazaxıstan hökumətinə bağlı Telegram kanalı yanvarın 10-da iğtişaşlar zamanı 164 mülki vətəndaşın öldüyünü bildirsə də, daha sonra Səhiyyə Nazirliyi bu rəqəmin doğru olmadığını və texniki nasazlıq səbəbindən səhv dərc edildiyini bildirib.

XS
SM
MD
LG