Accessibility links

Odesada dronun yaşayış binasına düşməsi nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb


Odesa, Ukrayna, 2 mart, 2024.
Odesa, Ukrayna, 2 mart, 2024.

Şənbə günü Ukraynanın cənubundakı liman şəhəri Odesada Rusiyaya məxsus dronun yaşayış kompleksinə düşməsi nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Odesada rəsmilər deyib ki, binanın dağıntıları altından bir nəfər sağ çıxarılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Telegram sosial media platformasında yazıb ki, 18 yaşayış binası dağıdılıb.

“Rusiya dinc əhaliyə qarşı mübarizə aparmağa davam edir. Düşmən dronlarından biri Odesada yaşayış binasına dəyib,” o deyib.

Zelenski cümə günü Niderland Baş naziri Mark Rutte ilə bu il Kyivi 2.2 milyard dollar hərbi yardımla təmin edəcək təhlükəsizlik razılığı imzaladığını elan edib.

İki lider Ukraynanın ikinci ən böyük şəhəri olan və tez-tez Rusiya hücumlarına məruz qalan Xarkiv şəhərində görüşərək, danışıqlar aparandan sonra Zelenski planın təfərrüatlarını sosial media hesablarında açıqlayıb.

“Sənəddə bu il Niderland tərəfindən 2 milyon avro dəyərində hərbi yardım, habelə növbəti 10 ildə əlavə müdafiə dəstəyi ayırılır,” Zelenski postunda bildirib. O, həmçinin sənədin nüsxəsini rəsmi prezident vebsaytına yerləşdirib.

Ukrayna ötən ay Avropa İttifaqının çatdırmağı vəd etdiyi 1 milyon artilleriya mərmisinin üçdə birindən azını aldığı və müdafiəsini saxlamaqda çətinlik çəkdiyi barədə xəbərdarlıq etmişdi.

O, fevral ayında döyüş sursatı almaqda çətinlik çəkdiyi üçün qüvvələrini şərqdəki Avdiivka şəhərindən çıxarıb və bununla da Moskva bir ildən artıq müddətdə ilk böyük ərazini ələ keçirib.

Zelenski əvvəllər Twitter kimi tanınan X hesabında iki liderin Rusiyanın hücumları nəticəsində dağılan 20 mindən çox binanın olduğu şəhərdə gəzdiyini əks etdirən video paylaşıb.

Zelenski əlavə edib ki, onlar Rusiyanın zərbələri nəticəsində yanvar ayında dağılan yaşayış binasını ziyarət ediblər. Vebsaytda deyilir ki, hücum nəticəsində beş nəfər ölüb, 14 nəfər yaralanıb.

Rutte və Zelenski həmçinin metro stansiyalarında quraşdırılan xüsusi sinif otaqlarına baş çəkib. Bu cür 40-dan çox sinifdə təxminən 858 məktəbli təhsillərini daha təhlükəsiz bir şəraitdə davam etdirə bilir.

Bu arada isə BMT-nin Ukrayna üzrə koordinatoru Denis Braun sosial mediada Xarkiv bölgəsinə ölümcül hücumları pisləyib.

“Yerli hakimiyyət bir uşaq da daxil olmaqla onlarla itki barədə məlumat verib. Mülki infrastruktura da ziyan dəyib,” Braun bildirib.

O əlavə edib ki, çərşənbə və cümə axşamı günləri Donetsk və Xerson bölgələrinə endirilən zərbələr də “mülki infrastrukturun kütləvi şəkildə məhv edilməsinə və mülki əhali arasında itkiyə səbəb olub.”

Braun deyib ki, yerli hakimiyyət 100-dən çox evə, habelə məktəblər və başqa qurumlara ziyan dəydiyini deyib.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG