Accessibility links

Ayova qubernatoru Kim Reynolds: Baydenin xarici siyasəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə səbəb oldu


Kim Reynolds
Kim Reynolds

ABŞ-ın orta hissəsində yerləşən Ayova ştatının Respublikaçı qubernatoru Kim Reynolds Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Prezident Co Bayden və onun xarici siyasət yanaşmasını məsul tutub.

Qubernator Reynolds Respublikaçıların Demokrat prezidentin hesabat məruzəsinə cavabında administrasiyasnın xarici siyasətdəki uğursuzluqlarının siyahısını təqdim edib. Onun sözlərinə görə, buna ötən il Əfqanıstandan xaotik şəkildə geri çəkilmək daxildir. O bildirib ki, bu “amerikalıların həyatı bahasına başa gəlməklə” yanaşı, həm də “müttəfiqlərimizə xəyanət edib və düşmənlərimizi cəsarətləndirıb."

Reynolds Baydenin Rusiya boru kəmərlərinə sanksiyaları istisna etməklə və eyni zamanda yerli neft hasilatını aradan qaldırılmaqla Ukraynaya hərbi müdaxiləyə icazə verdiyi irəli sürüb. O bildirib ki, Bayden və Konqresdəki Demokratlar “hərbi hazırlıq əvəzinə siyasi düzgünlüyə diqqət yetirməklə” məşğul idilər.

“Dünya səhnəsində zəifliyin bədəli var,” Reynolds deyib. “Prezidentin xarici siyasətə yanaşması həmişə çox az və çox gec olub.”

Daha sonra diqqəti ABŞ iqtisadiyyatına çəkən qubernator deyib ki, Bayden və Konqresdəki Demokratlar son bir ili “ya amerikalıların üzləşdiyi problemlərə”, xüsusilə də inflasiyaya “məhəl qoymayaraq, ya da onları daha da pisləşdirərək” keçirib. Reynolds bildirib ki, administrasiyaya “trilyonlarla dollar pul xərcləməyin inflasiyanın artmasına gətirib çıxaracağına” dair xəbərdarlıq edilmişdi və onlara “anti-enerji siyasətinin benzin qiymətini yeni yüksək səviyyələrə çatdıracağı” söylənmişdi.

O, həmçinin özü və digər Respublikaçı qubernatorların COVID-19 pandemiyası ilə mübarizədə tətbiq etdiyi yanaşmanı tərifləyib. Buna ələlxüsus da dövlət məktəblərində vaksin və maska mandatı kimi koronavirus məhdudiyyətlərinə qarşı çıxmaq daxildir.

O deyib ki, məktəbləri açıq saxlamaq “valideynləri, ailələri dəstəkləyən inqilabın” başlanğıcıdır və buna tənqidi irq nəzəriyyəsinin tədrisinin qadağan olunması daxildir. Mühafizəkarlar bunun amerikalıları daha da böləcəyinə və irqlər arasında münasibətləri pisləşdirəcəyinə inanırlar.

“Amerikalılar bu ölkəni elitanın hər kəsə nə deyə bilib-bilmədiyini, nəyə inana bilib-bilmədiyini söylədiyi bir yerə çevirmək istəyən siyasi sinifdən təngə gəliblər,” Reynolds deyib. “Onlar insanların irqçiliyi aradan qaldırmağın yolunun sanki hər kəsi irqinə görə siniflşdirmək olduğunu göstərməsindən təngə gəliblər.”

62 yaşlı Reynolds siyasi karyerasına kənd mahalının seçilmiş xəzinədarı olaraq başlayıb və dörd il həmin vəzifədə çalışandan sonra 2008-ci ildə Ayova ştatının Senatına seçilib. Bundan iki il sonra o, qubernator Terri Branstadın müavini təyin olunub, 2017-ci ildə onun Prezident Donald Tramp tərəfindən Çinə səfir təyin olunmasından sonra qubernator vəzifəsinin icrasına başlayıb.

XS
SM
MD
LG